Azərbaycan Prezidenti: “54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir”

Azərbaycan Prezidenti: “54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir”
# 07 yanvar 2021 14:28 (UTC +04:00)

“Mən giriş sözümdə meşələrin qırılması ilə bağlı məlumat verdim və eyni zamanda, söylədim ki, dəymiş ziyan hesablanmalıdır. İstəyirəm bütün Azərbaycan xalqı bilsin ki, indi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir. Ona görə bu məsələ çox ciddi təftiş edilməlidir. Qeyd etdiyim kimi, həm dəymiş ziyan hesablanmalıdır, eyni zamanda, bu meşə fondunun bərpası ilə əlaqədar aidiyyəti qurumlar, ilk növbədə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi xüsusi proqram tərtib etməlidirlər ki, biz ermənilər tərəfindən dağıdılmış meşələri bərpa edək”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub: “Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir.

Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib.

Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb.

Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib.

Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır.

Azad edilmiş torpaqlarda böyük əkin sahələri vardır. Mən Kənd Təsərrüfatı Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verdim ki, vaxt itirmədən keçən il və bu il müəyyən dərəcədə payızlıq əkini aparılsın. Düzdür, bunun üçün biz, ilk növbədə, o əraziləri minalardan təmizləməliyik və artıq müəyyən dərəcədə işlər görülüb. İstərdim ki, həm bu məsələ ilə bağlı, həm də ümumiyyətlə, keçən il görülmüş və bu il görüləcək işlər barədə məlumat verilsin, o cümlədən azad edilmiş torpaqlarda. Çünki bizim əsas hazırlıq işlərimiz yaz mövsümünə qədər aparılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR