Azərbaycan Prezidenti: "Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır"

Azərbaycan Prezidenti: "Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır"
# 12 dekabr 2020 18:40 (UTC +04:00)

“Bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı deyib.

“Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş verib”, - deyə Prezident bildirib.

“Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma – bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi. Beləliklə, bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O, da oralarda olub”, - İlham Əliyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR