Azərbaycan Prezidenti: “Danışıqlar masasında Ermənistanın bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi"

Azərbaycan Prezidenti: “Danışıqlar masasında Ermənistanın bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi"
  • Clock-gray 12:44
  • calendar-gray 31 Oktyabr 2020

“Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu: “Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”.

Dövlət başçısı jurnalistin “Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon?” sualına cavabında deyib ki, bu, müzakirələrin bir hissəsi idi.

“Lakin biz bununla bağlı yekun razılığa gəlmədik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Jurnalistin “Lakin Siz buna razılaşardınız?” sualına cavabında Azərbaycan Prezidenti qeyd edib ki, biz bunu indi müzakirə etməliyik: “Çünki indi ortada yeni reallıq var”.

apa-logo-mini

Digər xəbərlər