Azərbaycan Prezidenti: “Füzulidən Şuşaya çəkilən yol Qələbə yolu adlandırılır” - VİDEO

Azərbaycan Prezidenti: “Füzulidən Şuşaya çəkilən yol Qələbə yolu adlandırılır” - VİDEO
  • Clock-gray 14:10
  • calendar-gray 15 Yanvar 2021

“Qələbə yolu ilə gedirik. Bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək olduqca böyük qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz. Baxın necə də gözəl mənzərədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Prezident bildirib ki, hərbçilərimiz bu yolu piyada gediblər, bu ərazidən piyada qalxıblar: “Bütün bu ərazi belədir - dərə-təpə. Dağlar görünür. Bu yol istifadəyə veriləndən sonra bizim bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərib. Bu yerlərdən keçərək Şuşaya yaxınlaşıb, Şuşanı işğalçılardan azad edib. Bu dağları biz bu yolu açmaq üçün ağır texnika ilə yarmışıq. Qabaqda yaşayış məntəqəsi görünür”.

Prezident vurğulayıb ki, bu yol Füzulidən Şuşaya aparır: “Bu yol Qələbə yolu adlandırılır. Çünki bizim qəhrəman əsgər və zabitlərimiz bu ərazidən keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğalçılardan azad etmişlər. Ermənilər bizi bu tərəfdən gözləmirdilər. Onların ağlına belə gələ bilməzdi ki, Azərbaycan Ordusu bu yoldan keçə bilər və yaxınlaşa bilər. Onlar bizi başqa yerdən gözləyirdilər və orada möhkəm istehkamlar qurmuşdular. Biz isə həm o istiqamətdə müəyyən manevrlər etmişdik. Amma əsas bizim Şuşaya yol, bax bu, yoldur. Və ermənilər bir də ayıldılar, gördülər ki, azərbaycanlılar Şuşanın yaxınlığındadır. Gözlərinə inana bilmədilər. İndi təsəvvür edin bu yol, on kilometrlərlə ölçülən bu məsafəni, dağlardan, dərələrdən, meşələrdən keçərək qət etmək böyük qəhrəmanlıqdır. Biz ağır texnikanı gətirə bilməmişdik, bu, mümkün deyildi. Ancaq yüngül silahlar və qəhrəmanlıq, əsgər, zabitlərimizin fiziki hazırlığı, mənəvi gücü, iradəsi, Vətən sevgisi bizi bu yollarla-əslində burda yol yox idi, indi bu yaxınlarda bu yol açıldı - bu ərazidən bizi müqəddəs yerimiz olan Şuşaya apardı. Cəmi iki ay ərzində mənim göstərişimlə bu yol açıldı və indi görə bilərsiniz ki, bu sol tərəf bütün qazılan ərazilərdir. Biz Füzulidən, Xocavənd rayonundan keçərək Şuşaya gedə bilək və gedirik”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.

Əsmər Qabil

Digər xəbərlər