Azərbaycan Prezidenti: “İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və Ermənistan uzun illər ərzində bu siyasəti aparır”

Azərbaycan Prezidenti: “İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və Ermənistan uzun illər ərzində bu siyasəti aparır”
# 27 sentyabr 2020 13:03 (UTC +04:00)

“Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır: “İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.

Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.

Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR