Azərbaycan Prezidenti: “Mən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır”

Azərbaycan Prezidenti: “Mən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır”
  • Clock-gray 12:34
  • calendar-gray 27 Sentyabr 2020

“Mən iyul təxribatlarından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır ”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı: “Bu dəfə Azərbaycana diversiya qrupu göndərmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri təRəfindən saxlanılmışdı və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış, təxribatçı diversiya qrupu Azərbaycana, mülki əhaliyə və hərbçilərimİzə qarşı terror aktları törətmək üçün gəlmişdi. Növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi. Qeyd etdiyim kimi, onlar bu dəfə də öz cəzasını alıb və alacaqlar”.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın təxribatları eyni zamanda Ermənistan rəhbərliyi tərəfindən deyilən bəyanatlarda əksini tapır: “Ermənistan Baş Naziri bir il əvvəl işğal olunmuş torpaqlarda, Xankəndində deyib ki, Qarabağ Ermənistandır və nöqtə. Birinci, bu, yalandır, Qarabağ Azərbaycandır. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistan Baş Naziri deyirsə ki, Qarabağ Ermənistandır, onda hansı danışıqlardan söhbət gedə bilər? Ermənistan rəhbərliyi artıq 2 il ərzində bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparsın. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan edib ki, status-kvo qəbul edilməzdir. Bu o deməkdir ki, işğala son qoyulmalıdır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Ermənistanın təxribatları bu faktlarla bitmir: “Şuşa şəhərində qondarma xunta rejiminin başçısının dırnaqarası andiçmə mərasimi keçirilir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhdiddir. Onlar hesab edirdilər ki, biz bu təhdidlə barışacaq, razılaşacağıq. Onlar şüurlu şəkildə bizi təxribata çəkirlər və bunun acı nəticələrini onlar görəcəklər. Bu yaxınlarda qədim Azərbaycan şəhərində, Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin köçürülməsi barədə qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistan Baş Naziri bəyan edib ki, on minlərlə insanı birləşdirən dırnaqarası könüllü hərbi birləşmələr yaradılacaq. Nə üçün yaradılır, bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır və dayandırılacaq”.

apa-logo-mini

Digər xəbərlər