Azərbaycan Prezidenti: “Münhen Təhlükəsizlik Konfransındakı sarsıdıcı zərbə erməni təbliğatının sonudur”

Azərbaycan Prezidenti: “Münhen Təhlükəsizlik Konfransındakı sarsıdıcı zərbə erməni təbliğatının sonudur”
# 19 mart 2020 14:19 (UTC +04:00)

“Mən Münhen Təhlükəsizlik Konfransında müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri geniş auditoriyaya çatdırıram”.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bunu Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu dəfə isə daha gözəl fürsət yaranıb, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə edib: “Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münhen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulub. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilib. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münhen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilib. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR