Azərbaycan Prezidenti: “Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil”

Azərbaycan Prezidenti: “Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil”
# 15 yanvar 2021 15:00 (UTC +04:00)

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.

Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü.

Dövlət başçısı vurğulayıb ki, Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil: “Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.

Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”, - deyə Prezident bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR