Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü başa çatıb - YENİLƏNİB
# 30 iyun 2020 17:58 (UTC +04:00)

Cari ilin 30 iyun tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E. Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.

***

saat 16:08

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilir.

Qeyd edək ki, ötən gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR