BMTM “Forbes” jurnalına etiraz məktubu göndərib

BMTM “Forbes” jurnalına etiraz məktubu göndərib
# 18 avqust 2020 11:49 (UTC +04:00)

Avqustun 9-da “Forbes” jurnalında Aleks Ledsomun müəllifliyi ilə “Karantindən sonra ilk səyahət? Mövcud olmayan ölkəyə gedin” adlı köşə yazısı nəşr edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazıda müəllif tarixdə mövcud olmuş Venesiya Respublikasına, İspaniyanın cənubundakı Əndəlüsə, eləcə də İkinci Dünya müharibəsindən sonra Britaniya sahillərinə yaxın adalardan birində Roy Bates tərəfindən elan edilən Siland dövləti kimi ekzotik yerlərə səyahəti tövsiyə edib.

Yazıda yuxarıda göstərilən ərazilərin maraqlı və əyləncəli tarixindən bəhs etdikdən sonra müəllif işğal edilmiş Dağlıq Qarabağ və Abxaziyaya da səfərləri məsləhət görüb. Müəllif bu ərazilərin təbii gözəlliklərindən bəhs etməklə yanaşı, tarixi və siyasi məqamlarına dair təhriflərə yol verib.

Məsələ ilə əlaqədar BMTM-nin şöbə müdiri Fuad Çıraqov mərkəz adından "Forbes" jurnalının redaktorlarına müvafiq qaydada etiraz məktubu ilə müraciət edib. Müraciətdə F. Çıraqov yuxarıda qeyd edilən yerlərin hazırda qanunsuz şəkildə işğal altında qalan ərazilərlə müqayisəsinin yolverilməz olduğunu və məqalənin beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət etdiyini göstərib.

F. Çıraqov yazının göstərildiyi kimi Dağlıq Qarabağın heç bir beynəlxalq hüquqi sənədlərdə “mübahisəli ərazi” (disputed territory) kimi göstərilmədiyini diqqətə çatdıraraq, müvafiq olaraq müxtəlif beynəlxalq təşkilatların sənədlərində məhz işğal faktının təsbit edildiyini qeyd edib. Bundan əlavə, F. Çıraqov işğal edilən ərazilərə səfərlərə insanları dəvət etməklə insanların hüquqi məsuliyyətlərlə və müxtəlif təhlükələrlə üzləşə biləcəklərinə görə də yazı müəllifinin məsuliyyət daşıdığını jurnal redaksiyasının diqqətinə çatdırıb.

BMTM-nin əməkdaşı işğal edilmiş ərazilərə səfər edənlərin Azərbaycan qanunvericiliyi ilə hansı məsuliyyətlər daşıdığını və işğalçı rejimlərin həmin ərazilərdən qovulmuş insanların əmlaklarının qeyri-qanuni şəkildə istismarında iştirak etdiklərini "Forbes"ə bildirib.

Bu müraciət nəticəsində "Forbes" qeyd edilən köşə yazısında müvafiq dəyişiklik edərək, işğal edilmiş Dağlıq Qarabağa və Abxaziyaya aid hissələri məqalədən çıxararaq xüsusi qeyd yerləşdirib.

Qeyddə göstərilir ki, göstərilən ərazilər münaqişə əraziləridir və buna görə də bölgəyə səfərlər tövsiyə edilmir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR