BMqT nümayəndələri Bərdə, Ağdam və Ağcabədidə ermənilər tərəfindən mülki evlərə vurulan ziyanı qiymətləndirəcək

BMqT nümayəndələri Bərdə, Ağdam və Ağcabədidə ermənilər tərəfindən mülki evlərə vurulan ziyanı qiymətləndirəcək
  • Clock-gray 16:19
  • calendar-gray 20 Noyabr 2020

BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb.

Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) APA-ya verilən məlumata görə, missiya BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə yanaşı BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT- nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub. Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər.

Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq. BMqT məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə su təminatını yaxşılaşdırmaq məqsədi ilə təşkilatın həyata keçirdiyi kəhrizlərin bərpasını davam etdirməyi planlaşdırır.

Bundan əlavə, təşkilat münaqişədən zərər çəkmiş və həsas insanlara nağd əsaslarda yardım və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihə üzərində işləyir.

apa-logo-mini

Digər xəbərlər