Baş Prokurorluq: Ermənistan hərbçilərinin cəzalandırılmalarını təmin etmək məqsədi ilə tədbirlər görüləcək

Baş Prokurorluq: Ermənistan hərbçilərinin cəzalandırılmalarını təmin etmək məqsədi ilə tədbirlər görüləcək
  • Clock-gray 11:48
  • calendar-gray 17 İyul 2020

Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə toqquşmanın intensivləşməsinə nail olmaq, habelə yeni təcavüz aktları həyata keçirmək məqsədilə mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətməyə davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri və institusional tədbirlər görüləcək.

Səlcuq Elçin

Digər xəbərlər