Baş nazir: “Biz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizi işğaldan azad edirik”

Baş nazir: “Biz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizi işğaldan azad edirik”
# 06 noyabr 2020 15:38 (UTC +04:00)

“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışında bildirib.

O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib: “Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”.

Azərbaycanın Baş naziri iclasda sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə iclas iştirakçılarını məlumatlandırıb: “Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Bizim işğal altında olan ərazilərimizdəki Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini və bütün cəbhə boyu yerləşən yaşayış məntəqələrimiz ağır artilleriya atəşinə tutub. Nəticədə dinc sakinlər və hərbi qulluqçular arasında itkilərimiz olub. Beynəlxalq hüquqa əsaslanaraq, xüsusilə də özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, Ermənistan tərəfindən işğal olunan ərazisində əks-hücum əməliyyatına başlayıb. Əks-hücum əməliyyatı nəticəsində bu günə kimi 4 şəhər, 3 qəsəbə və 200-dən çox yaşayış məntəqəsi işğaldan azad olunub”.

Ə. Əsədov qeyd edib ki, ərazilər işğaldan azad olunduqca yeni faktlar ortaya çıxır: “Azərbaycanın torpaqlarına olan barbar münasibət növbəti dəfə sübut olunur. Biz, təbii ki, beynəlxalq ekspertləri cəlb etməklə foto və videomateriallar əsasında inventerlaşma aparacaq və dəymiş ziyanın məbləğini hesablayacağıq. Azərbaycan hələ son hadisələr başlamamışdan öncə dəfələrlə beynəlxalq ictimaiyyətə Ermənistanın yeni müharibəyə başlamaq niyyəti ilə bağlı xəbərdarlıq edib. Azərbaycan Prezidenti müxtəlif telekanallara müsahibələrində və BMT tribunasından aqressor ölkəni dayandırmağın vacib olduğunu bəyan edib.

Təəssüflər olsun ki, bizim çağırışlarımız və müraciətlərimiz eşidilməyib. 2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü fəaliyyəti ilə danışıqlar prosesini məhv etməyə cəhd göstərib. Ermənistan Baş nazirinin bəyanatları, o cümlədən onun danışıqlar formatının dəyişdirilməsi ilə bağlı cəhdləri bunun sübutudur. “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı, qondarma marionet rejimin rəhbərinin andiçmə mərasiminin Şuşada keçirilməsi, işğal altındakı torpaqlarımıza Yaxın Şərqdən, xüsusilə Suriya və Livandan etnik ermənilərin qanunsuz köçürülməsi... Ermənistan hökumətinin destruktiv fəaliyyətinin məqsədi işğal altındakı ərazilərdə status-kvonu möhkəmləndirmək olub. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları status-kvonunun qəbuledilməz olduğunu hər zaman bəyan ediblər”.

Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması nəticəsində qocalar, uşaqlar daxil olmaqla 92 dinc sakin həlak olub, 404 dinc sakin yaralanıb. Gəncə və Bərdənin ballistik raketlərlə atəşə tutulması nəticəsində 53 dinc sakin həlak olub, 245 nəfər yaralanıb. Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərə və mülki obyektlərə hücum etmir, Azərbaycan Ordusu legitim hərbi hədəfləri məhv edir. Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc sakinlərinə qarşı hərbi cinayət törədən Ermənistanı qınamağa çağırırıq. Ümid edirik ki, bizə və bu iclasda iştirak edənlərə aydındır ki, Ermənistan öz ərazisindən Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərini raket zərbəsi ilə hədəfə almaqla Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa təhrik etməyə cəhd göstərir. Bununla da üçüncü ölkəni, xüsusi ilə də KTMT-ya daxil olan ölkələri münaqişəyə cəlb etmək, münaqişənin coğrafiyasını genişləndirmək məqsədi güdür. Bir daha qeyd etmək istəyirəm ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisində gedir.

Onu da qeyd etmək istəyirəm ki, Ermənistan mülki aviasiyadan istifadə etməklə, Azərbaycanın işğal altındakı ərazilərinə qaçaqmalçılıq yolu ilə silah-sursat göndərir. Bu cür qanunsuz fəaliyyətlər mülki aviasiya təşkilatlarının məqsəd və prinsiplərinə ziddir. Eləcə də, Ermənistan hərbi əməliyyatlarda Azərbaycana qarşı iştirak etmək üçün muzdlular müxtəlif ölkələrdən gətirir.

Oktyabrın 29-da Azərbaycan birtərəfli şəkildə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə Ermənistana münaqişə zonasında həlak olan 30 əsgər və zabitin cəsədini təhvil verib. Bu, Rusiyanın vasitəçilik səyləri nəticəsində mümkün olub. Bu cür addımlar humanizm prinsiplərinə əsaslanaraq atılıb. Lakin Ermənistan uzun müddət həlak olan hərbçilərinin cəsədlərini qəbul etməkdən imtina edib.

Biz erməni xalqına qarşı müharibə aparmırıq. Biz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizi işğaldan azad edirik. Bizim yeganə məqsədimiz Azərbaycanın ərazi bütövlüyün tam bərpa olunması və işğal altındakı bütün ərazilərimizin azad olunmasıdır. Azərbaycan heç vaxt özgə torpağına iddia etməyib, eyni zamanda biz heç vaxt öz torpağımızın işğalı ilə barışmayacağıq. Bu bizim prinsipial mövqeyimizdir və bu məsələdə sona qədər gedəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR