Beynəlxalq Böhran Qrupu “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabat hazırlayıb

Beynəlxalq Böhran Qrupu “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabat hazırlayıb
  • Clock-gray 11:40
  • calendar-gray 20 Dekabr 2019

Dağlıq Qarabağ regionu ilə bağlı Ermənistanla Azərbaycan arasında dayanmış sülh prosesində açılmış dar nəfəs yolu yenidən bağlana bilər.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan münaqişəsinə dair “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabatında deyilir.

Hesabatda bildirilir ki, bu, baş verərsə, Bakı və İrəvan nəinki indiyə kimi əldə etdiklərini itirə, həm də prosesi tamamilə dəfn edə bilər: “Bakı və İrəvan çevik hərəkət etməlidir. Onlar ziddiyyətli mövqelərin kökündə duran məsələlər istiqamətində danışıqlara başlaya bilərlər”.

Hesabatda qeyd olunur ki, 2019-cu ilin əvvəlində münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş hiss olunub: “Ermənistanın yeni hökuməti kompromisli həlli axtarmağa hazır olduğunu bildirmişdi. Bakının da münaqişənin həlli yollarının axtarışı üçün daha açıq olduğu göründü. Aprel hadisələrindən sonra yenilənmiş diplomatik münasibətlər itkilərin azalmasına və danışıqlar üçün daha münasib mühitin yaranmasına gətirib çıxardı. Azərbaycan və Ermənistan hökumətləri təmas xəttində humanitar layihələrin həyata keçirilməsinə razılıq verdi, jurnalistlərin qarşılıqlı səfərlərinə və həbs olunmuş şəxslərin yaxınlarına baş çəkməsinə icazə verildi”.

Qeyd olunur ki, buna baxmayaraq, yeni yanaşma danışıqların yenilənməsinə yol açmayıb. Hesabat müəlliflərinin fikrincə, illər mövqeləri sərtləşdirib. İrəvan, Bakı və Dağlıq Qarabağdakı de-fakto hakimiyyət Dağlıq Qarabağın gələcəyi ilə bağlı kompromisdən uzaq bəyanatlar səsləndirir. Bildirilir ki, son aylar Ermənistan-Azərbaycan münasibətləri tərəflərdən birinin digərinin açıqlamasını təxribatçı hesab etməsindən sonra daha da soyuyub. Əgər hər iki tərəf 2019-cu ildə qurulmuş bünövrəyə istinad etməsə, sabit vəziyyət uzun çəkməyə bilər.

Hesabatda bildirilir ki, kompromisin axtarılması istiqamətində təkrar səylər gərginliyin yaranmasının qarşısını ala bilər. Tərəflər 1992-1994-cü illər müharibəsindən sonra mübahisədə olduqları 3 əsas məsələyə qayıda bilərlər: “Bunlardan birincisi Dağlıq Qarabağa bitişik rayonların taleyidir. Azərbaycanlılar müharibə zamanı bu ərazilərdən köçməyə məcbur ediliblər. Danışıqlar üçün şəraitin yaranması üçün ilk şərtlərdən biri Ermənistanın Dağlıq Qarabağdakı de-fakto rəhbərliyi məskunlaşma planını müvəqqəti olaraq dayandırmağa, Azərbaycanı isə bunun əvəzində beynəlxalq məhkəmələrdə münaqişənin həlli ilə bağlı şikayətlər irəli sürməsini dayandırmağa və sanksiyalar irəli sürməməyə inandırmaqdır.

İkinci şərt potensial sülhməramlı qüvvələrin və monitorinq missiyasının tərkibi və mandatı ilə bağlıdır. Bu missiya zorakılığı azaltmağa, sülh sazişi üçün şərait yaratmağa nail ola bilər. 1990-cı ildən ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupu fəaliyyət göstərir. Tərəflərin razılığı ilə ATƏT bu qrupu təlimatlandıra və müəyyən müddət üçün (bir il ola bilər) mandat verə bilər ki, sülhməramlı missiya üçün variantlar müəyyənləşsin.

Sonuncu məsələ Dağlıq Qarabağın statusudur. Status məsələsi münaqişənin əsasında durur və həlli çətindir. Ermənistan və Xankəndi dövlətin qurulmasını təkid edir. Azərbaycan isə Azərbaycanın tərkibində Dağlıq Qarabağa özünü idarəçilik verməyi təklif edir. Statusla bağlı istənilən danışıqlar ehtiyatla və bir qədər qeyri-formal başlamalıdır”.

Sonda qeyd olunur ki, birbaşa danışıqlar özü ilə risklər də gətirir, lakin illər keçir və həll potensialını daha çox əlçatmaz edir, vaxt uzandıqca müharibə riski daha da artır:  “Danışıqlar masası arxasına qayıtmaq çətindir, lakin bu, Azərbaycan və Ermənistanın münaqişəni ölü nöqtədən çıxarması üçün yeganə yoldur”. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date