"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO

"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - FOTO
  • Clock-gray 12:46
  • calendar-gray 29 Fevral 2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni bir layihəyə start verib.

 

APA-nın məlumatına görə, “Qarabağın harayı” adlı layihənin məqsədi müxtəlif dillərdə beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupuna üzv ölkələrinin rəhbərlərinə, Dağlıq Qarabağın erməni icmasına video müraciət edərək tezliklə azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmaq arzularını onların diqqətinə çatdırmaqdır.

Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib:

“Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya  çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib.  Video-çarxın əsas məqsədi ermənilərin  işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”

T. Gəncəliyev qeyd edib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir:

“Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”.

Tədbirdə təqdim edilən video-çarxın rejissoru Can Batır, Tural Qəlbinur və digər şəxslər də çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

Firuzə Vahid

Digər xəbərlər