Deputat: “Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin təxribatı davam etməkdədir”

Deputat: “Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin təxribatı davam etməkdədir”
# 31 avqust 2020 19:28 (UTC +04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib”.

Bunu APA-ya deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, çox qorxulu tendensiyadır və beynəlxalq hüquqa ziddir: “Hər şeydən öncə, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir. Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaq və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcək. Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək mümkündür ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terrorist ola bilər. Çünki Livan daima terroristlərin məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıb. Hazırda da bu klassik ənənə davam etməkdədir. Ona görə də əslində burda iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Bir qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi. Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Həqiqətən regionda gərginliyin daha da artmasını istəmirlərsə, problemi sülh yolu ilə həll etmək istəyirlərsə, bu cür addımların qarşısını almalıdırlar. İşğalçı ölkəyə təzyiq etməlidirlər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR