Deputat: "Zəngilanda tapılan sənədlər beynəlxalq müstəvidə Ermənistana qarşı hüquqi proseslərin başladılmasına şərait yaradır"

Deputat: "Zəngilanda tapılan sənədlər beynəlxalq müstəvidə Ermənistana qarşı hüquqi proseslərin başladılmasına şərait yaradır"
  • Clock-gray 13:28
  • calendar-gray 07 Noyabr 2020

“Zəngilanda Ermənistan rəhbərliyi tərəfindən Suriya vətəndaşlarının yerləşdirilməsi ilə bağlı sənədin tapılması Azərbaycan üçün beynəlxalq müstəvidə təcavüzkar dövlətə qarşı hüquqi proseslərin başladılmasına şərait yaradır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

O bildirib ki, bu, çox vacib məsələdir: “Belə ki, bununla Ermənistanı hüquq müstəvisində rüsvay etməklə yanaşı, müharibə qanunlarını pozduğu üçün beynəlxalq cinayət məhkəməsinə də vermək olar və yəqin ki, bu da Azərbaycan tərəfindən yerinə yetiriləcək.

İkinci məqam ondan ibarətdir ki, Ermənistan qanunsuz məskunlaşma etməklə süni surətdə erməni əhalisinin sayını artırmaq məqsədi güdüb və bu da Cenevrə konvensiyalarına görə beynəlxalq cinayətdir. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi bunu hər zaman deyib, amma BMT, ATƏT, ATƏT-in Minsk Qrupu ciddi araşdırma həyata keçirməyib ki, bu da onların nüfuzuna, sonrakı vasitəçilik və qərarvermə imkanlarına ciddi kölgə salmaqdadır. Bu, həm də o deməkdir ki, Ermənistanla aparılan 26 illik danışıqlar mənasız olub. Onlar danışıqlar adı altında imitasiya yaradıb və Azərbaycanı, BMT-ni və Minsk Qrupunu aldadıb. İndi aldanmış və ələ salınmış Minsk Qrupu bununla bağlı ciddi bəyanat verməli və Ermənistan rəhbərlyinin buna görə məsuliyyət daşıyacağını dilə gətirməlidir”. 

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin gördüyü işlər, yaratdıqları müdafiə xətləri, Cəbrayıla yol çəkilişi planı, işğal olunmuş ərazilərdə iqtisadi layihələr həyata keçirməsi də onların işğal etdikləri torpaqları qaytarmaq fikrində olmadığından xəbər verir: “Bu xüsusdan çıxış edərək deyə bilərik ki, Azərbaycanın Ermənistan rəhbərliyinin hücum planından sonra əks-həmlə ilə status-kvonu dəyişdirmək planı doğru qərar olub. Minks Qrupunun nə qədər effektsiz fəaliyyət göstərdiyi də aşkara çıxır və onların vasitəçilik missiyası ciddi şübhə altına düşür. Çünki hər iki tərəfdən təmas xəttində yoxlamalar keçirilib və onların işi belə çıxır ki, ancaq kimin kimə birinci güllə atmasını aşkara çıxarmaq olub. Ermənistan tərəfindən müharibə cinayətlərini isə görməzdən gəliblər. Bu faktın özü Minsk Qrupuna çoxlu ifşaedici sualların verilməsinə və sonunda bu qrupun təmamilə dağılmasına gətirib çıxaracaq”.

Firuzə Vahid

Digər xəbərlər