Elmar Məmmədyarov: “Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri azərbaycanlı icmasının mövcudluğunu inkar edir”

Elmar Məmmədyarov: “Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri azərbaycanlı icmasının mövcudluğunu inkar edir”
# 05 dekabr 2019 18:28 (UTC +04:00)

“Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” kimi bəyanatı sülh yolu ilə həll etmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir”.

XİN-dən APA-ya verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında deyib.

O qeyd edib ki, Ermənistanın birgə razılaşdırılmış ATƏT sənədləri ilə, xüsusən də ATƏM Şurasının 24 mart 1992-ci il tarixli Birinci Əlavə Yığıncağının Qərarı ilə əsası qoyulmuş danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdid olaraq qalır: “Bu sənədlər birmənalı şəkildə göstərir ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli Azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə – yəni bütün insan hüquqları universal, bölünməz, qarşılıqlıdır və heç kim başqalarının hüquq və azadlıqları hesabına fərdi və ya kollektiv hüquq tələb edə bilməz yanaşmasına – açıq şəkildə ziddir.

Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR