Elşad Mirbəşir: "Paşinyan və komandası sürətlə Qarabağ avantürasının qurbanına çevrilməkdədir"

Elşad Mirbəşir: "Paşinyan və komandası sürətlə Qarabağ avantürasının qurbanına çevrilməkdədir"
# 09 oktyabr 2020 13:42 (UTC +04:00)

“Azərbaycanın cəbhədə əldə etdiyi uğurlar Ermənistanın ictimai siyasi həyatında da böhrana və hakimiyyət daxilində təşvişə səbəb olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.

O bildirib ki, hələ 2016-cı ilin aprelində, Ermənistanın növbəti təxribatı zamanı baş vermiş dördgünlük müharibə zamanı da Azərbaycanın bir sıra strateji məntəqələri azad etməsi Ermənistanın siyasi, sosial və iqtisadi sisteminin nə dərəcədə dayanıqsız olduğunu göstərdi:

“Ermənistanın kriminal siyasi və hərbi rəhbərliyi itkilərinin miqyasını nə qədər daraltmağa çalışsa da, cəmiyyəti inamsızlıq və isterik əhval-ruhiyyənin təsirindən qoruya bilməyib. İşğalçı ölkənin səhiyyə sisteminin imkanları ilə döyüşlərdə yaralanan əsgərlərin sayı arasında dərin disbalansın olduğu üzə çıxıb. Yəni, hələ 2016-cı ilin aprelində Azərbaycan Ordusu öz gücünü işğalçı Ermənistana və onun cəmiyyətinə göstərib. Nəticədə Ermənistanın hərbi rəhbərliyində kadr “təmizləməsi” və nəhayət, S. Sarkisyanın hakimiyyətdən getməsi baş verdi. Oxşar proseslər indi də müşahidə olunmaqdadır. Sentyabrın 27-də ölkəmizə qarşı növbəti təxribatını törədən təcavüzkar Ermənistan gözləmədiyi vəziyyətlə üzləşib. Belə ki, düşmən təxribatının qarşısını alan Azərbaycan Ordusu həm də əks-hücum əməliyyatlarına başlaması erməni tərəfində şok effekti yaradıb. Qısa zaman ərzində Azərbaycan Ordusu əhəmiyyətli dərəcədə irəliləyərək torpaqlarımızın bir qismini işğaldan azad edib. Bununla da, Ermənistanda dərin siyasi və sosial iqtisadi böhranın da əsası qoyulub.

Deputatın sözlərinə görə, isterik vəziyyətini gizlədə bilməyən N. Paşinyan işğalçı ölkəsinin vəziyyətini daha ağırlaşdıracaq yanlış qərarlar verir və “kadr islahatı” da həyata keçirməyə başlayıb. Belə ki, ölkəsinin potensialını düzgün hesablamayan və bununla bağlı aydın təsəvvürləyə malik olmayan N. Paşinyan ümumi səfərbərlik elan edib: “Azərbaycanın qismən, Ermənistanın isə səfərbərlik elan etməsi işğalçı dövlətin öz zəifliyini dərk etməsindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, ümumi səfərbərlik istənilən ölkənin iqtisadi və sosial həyatını kardinal şəkildə məhv etməyə qadirdir. Onsuz dərin sosial-iqtisadi problemlərin girovluğunda olan Ermənistanın vəziyyətinin nə dərəcədə ağırlaşacağını təsəvvür etmək çətin deyil. Çünki, məhdud resurslarının hamısını ümumi səfərbərliyi həyata keçirməyə yönəldən Ermənistanın sonrakı dönəmdə bütövlükdə siyasi sisteminin dağılması səriştəsiz idarəçiliyin, düşünülməmiş addımların məntiqi nəticəsi olacaq. Artıq döyüş meydanındakı dərin məğlubiyyətlərə görə “günahkar” axtarışına çıxıldığı da işğalçı Ermənistanın aydın müşahidə olunan reallıqlarındandır. N. Paşinyan hakimiyyətdə olduğu qısa zaman kəsiyində artıq üçüncü dəfə DTX rəhbərliyində dəyişiklik edib”.

E. Mirbəşir xatırladıb ki, Ermənistan Nazirlər Kabinetinin dünən verdiyi qərara əsasən, “ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub:

“Eyni zamanda, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla “hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan televiziya proqramları yayımlamaq qadağandır”. Bu, əslində Ermənistanın çöküşü deməkdir və işğalçı ölkədə bundan sonra da bu proseslər daha dərindən və daha genişmiqyaslı inkişaf edəcək”.

Deputat “Qarabağ klanı”n da aktivləşməsini nəzərə çatdırıb:

“Robert Koçaryanın yenidən xilaskar kimi ortaya atılması təsadüf deyil. Onun Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda yayılan şayiələr Koçaryanın yaranmış vəziyyətdən istifadə edərək yenidən özünü "Qarabağın xilaskarı" kimi təqdim etmək istəməsi ilə bağlıdır. Ermənistanda bütün nüfuzunu itirmiş “Qarabağ klanı”nın yenidən özünü Paşinyana alternativ kimi təqdim etməsi üçün əlverişli şərait yaranıb və onlar bunu edirlər”.

E. Mirbəşir vurğulayıb ki, bir sözlə, Paşinyan və komandası sürətlə Qarabağ avantürasının qurbanına çevrilməkdədir:

“Hakimiyyətə yeni gələndə Qarabağ kartından siyasi karyerası üçün istifadə etməyə çalışan küçə siyasətçisi N. Paşinyan həddən artıq aludə olduğunu hiss etmədi. İndi ən yaxşı halda onun bir yolu qalır. Yenidən küçəyə qayıtmaq. Diktator vücudunda “demokratik” obrazı yaratmaq cəhdləri isə onu daha da cılızlaşdırır və fiasko yaşadır. İndi onun xalqı üçün edəcəyi tək bir yaxşı əməl Azərbaycan torpaqlarının tam işğaldan azad edərək, ermənilərin heç olmazsa bundan sonra normal yaşamalarına imkan yaratmaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR