Erməni generalın evi, Azıx mağarasının sirri, Hadruta gəlmiş rus professor - REPORTAJ - FOTOLAR

Erməni generalın evi, Azıx mağarasının sirri, Hadruta gəlmiş rus professor - REPORTAJ - FOTOLAR
# 19 mart 2021 12:47 (UTC +04:00)

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəlki yazıları buradan oxuya bilərsiniz:

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ

Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ

Erməni vandallığının Cəbrayıldakı izləri, ordumuzun darmadağın etdiyi “Ohanyan səddi” mifi - REPORTAJ

Qarabağ yükünü çiynindən atan Xudafərin: O tayın, bu tayın həsrət körpüsü

Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ

Hər qarışı cənnət Laçın - REPORTAJ

Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ

Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ

Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ – FOTOLAR

Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı - REPORTAJ - FOTOLAR – VİDEO

Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ - FOTOLAR

Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu - REPORTAJ - FOTOLAR

Ermənilərin yandırdığı polis, 29 ildən sonra evini tapan Salakətin sakini, dərəyə aşırılan erməni avtobusu - REPORTAJ – FOTOLAR

Məlik-Aslanovların kolxoza verilmiş mülkü, Dizaq məliklərinin sarayı, XII əsrə aid alban məbədi - TUĞDAN REPORTAJ - FOTOLAR

Zəngilan: Erməni işğalından azad edilmiş torpaqlara həyat qayıdır - REPORTAJ - FOTOLAR

27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa - REPORTAJ - FOTOLAR

Xocalı soyqırımının şahidləri danışır: Şəhid atasının yuxusu, bizimkilərlə dəyişdirilən rus zabitlər, anasına qısılıb qarda yatan körpə - REPORTAJ - FOTOLAR - VİDEO

Xərabətə çevrilmiş İmarət - Pənahəli xanın sevimli evi, Qacarın gecələdiyi məkan, Xan qızının dağılmış məzarı - REPORTAJ - FOTOLAR - VİDEO

Qarabağa növbəti səfərimiz martın 17-də baş tutdu. Səfər çərçivəsində Xocavənd rayonunun bir neçə kəndində olacaq, Azıx mağarasını və Hadrut qəsəbəsini ziyarət edəcəkdik. Mənim üçün əksər hallarda olduğu kimi, yenə də həyəcanlı səfər sayılırdı, budəfəki həyəcanımın əsas səbəbkarı isə Azıx mağarası idi. Çünki Xocavəndə ötən dəfəki gəlişimizdə Azıx kəndinin yanından keçib Salakətinə getsək də, Azıx mağarasına baş çəkə bilməmişdik, həm vaxtımız məhdud idi, həm də ərazinin təhlükəsiz olub-olmadığı dəqiqləşməmişdi.

İlk dayanacağımız yer tarixi məkan sayılmasa da, müasir dövrümüz üçün heç də az əhəmiyyətli deyil. Füzuli şəhəri yaxınlığında, Füzuli-Hadrut yolunun əsasının qoyulduğu məntəqədə dayanırıq. Martın 15-də Prezident İlham Əliyev Qarabağa növbəti səfəri zamanı burada Füzuli-Hadrut yolunun təməlini qoyub. Hazırda isə ərazidə qızğın iş gedir. Xeyli texnika cəlb olunub, maşınların nəriltisi yer qazan nəhəng dəlici qurğuların bağırtısına qarışıb. Burada böyük yol qovşağı inşa ediləcək və Şuşaya, Hadruta, Tuğa, Cəbrayıla, eləcə də Füzulinin kəndlərinə aparan yollar burada qovuşub, ayrılacaq.

Karvanımız tərpənir və biz üz tuturuq Xocavəndin Edilli kəndinə.

***

Bir neçə gün əvvəl yağan qar dağlarda özünə möhkəm istehkam yaratsa da, düzənliklərdə yazın isti nəfəsinə təslim olub. Yalnız təpələrin quzeyində adda-budda qar qalıqları görünür. Torpaq özünün yaşıl donunu yenidən geyinib, bəzi yerlərdə baş qaldıran çiçəklər isə bu dona öz bənövşəyi naxışlarını vurub. “Hə, bir şey qalmayıb”, deyirəm öz-özümə, Novruzdan sonra Qarabağın hər qarışı zümrüd yaşılına bürünüb təkcə göz oxşamayacaq, həm də müharibənin bu amansız fəsadlarını da gizləyəcək - ox kimi sancılmış raket başlıqlarını, torpağın bağrında açıq yaraya bənzəyən səngərləri, istehkam yerlərini, boş mərmi yeşiklərini.

Məngələnata dağı istiqamətində yolumuz sola burulur. Buralar artıq mənə tanışdır. Ötən dəfə bu yolla Xocavəndin Axullu kəndinə getmişdik. Bu dəfə isə qonşu Edilliyə baş çəkəcəyik. O dəfə uzaqdan gördüyüm Edilli kəndinə. Sovet dövründə daha çox azərbaycanlıların yaşadıqları, 1992-ci il yanvarın 9-da işğal edilən, daşı daş üstdə qalmayan Axulludan fərqli olaraq Edillidə evlər də, həyət-bacalar da, bağ-bağat da, hamısı salamatdır. Onda bunları uzaqdan görmüşdük, bu dəfə isə lap yaxından tamaşa edəcəyik.

Dedim axı, düzənliklərdə yaz havası duyulsa da buralar - Qarabağ silsiləsinin ətəkləri, dağlar qoynundakı bu füsunkar kəndlər hələ qışın əsarətindən çıxa bilməyib. Odur ki, Edillinin evləri-eşikləri, damları-daşları, gözəlliyi-qəşəngliyi, yoxsulluğu-nimdaşlığı qarın altında hələ ki görünməz olub. Tərk edilmiş evlərin navalçalarından asta-asta damcılayan suyun səsi yaz günəşinin şəfəqlərinə qoşulub şirin bir simfoniya kimi ətrafa yayılır.

Edillinin neçə-neçə küçəsinə daş döşənib. Bizimlə gələnlərdən, bu yerlərə nabələd olmayanlardan bəziləri deyirlər ki, əvvəllər Edillinin küçələri belə deyilmiş. Bunların hamısı Füzulidə, Axulluda sökülən evlərin daşlarıdır, gətirib burada yerə döşəyiblər. Kimsə hətta öz darvazalarını tanıyır.

Edillidə təhsil almış Qəhrəman Həsənov isə deyir ki, kəndin əsl adı Edilli deyil, Ədillidir: “Bura Ədil bəyin yurdudur. Burda azərbaycanlılar yaşayıb. Ermənilər bura gəlmədir. Bizim məktəb aşağıdaydı. Mən 1971-ci ildə institutu bitirmişəm və elə həmin məktəbdə dərs demişəm. 1988-ci ildə hadisələr başladı, sonra buranı ermənilər işğal elədi. 31 ildir bu kəndə gəlmirdim. Burda mənim erməni müəllim yoldaşlarım vardı. Bu gün onlara demək istəyirəm ki, mən gəlmişəm, sizsə burda yoxsunuz. 31 illik həsrətə son qoyduqları üçün Ali Baş Komandana, müzəffər ordumuza minnətdarlığımı bildirirəm, şəhidlərimizin, qazilərimizin önündə baş əyirəm”.

Qar gizləməyə çalışsa da, evlərin çoxunun görünüşündən yoxsulluq, nimdaşlıq yağır. İnzibati tikililəri nəzərə almasaq, çox azı təmirli, müasir görünüşlüdür. Təmirli evlərdən biri isə general Kamo Ağacanyanın mülküdür. O, Ağacanyan ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın milli təhlükəsizlik xidmətinin rəhbəri olub. O, Ağacanyan ki, damarlarında azərbaycanlı qanı axsa da, bunu danıb, atasının Əkbər adından imtina edib. O Ağacanyan ki, Edillidə doğulub böyüsə də, Qarabağ münaqişəsi başlayan zaman öz doğmalarına silah qaldırıb.

Kəndin mərkəzində şam ağaclarının əhatəsində Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidə var.

Edillidən sonra yolüstü Düdükçü kəndinə də baş çəkir, oxşar mənzərə ilə burada da qarşılaşırıq. İşğal dövründə ermənilər Düdükçüdə də yaşayıblar. Bunu hər şeydən əvvəl kəndin girəcəyindəki budanmış, qulluq görmüş tut ağacları deyir, sonra dərə boyu yayılıb, yuxuya getmiş, mürgülü evlər. Ona görə də hazırda yaşayış olmasa da, kənddə həyat əlaməti qalmaqdadı. Bircə evlərin bacasından tüstünün çıxması çatışmır, bir də həyətlərdən yayılan mal-heyvan səsi...

Burada ləngimirik, hələ gediləsi neçə yerimiz var.

***

Azıx mağarasına burulan diki qalxandan sonra maşınlarımız kiçik meydançada dayanır. Burdan o yana piyada gedəcəyik - dəniz səviyyəsindən 1400, yaxınlıqdan keçən Quruçaydan isə 100-150 metr yüksəklikdə yerləşən, ilk insan məskənlərindən olan Azıx mağarasına...

Pillələri qalxırıq. Heç bilmirəm nə qədər çıxmışıq. Artıq təngnəfəsik, taqətimiz qalmayıb. Öz tarixi bilgiləri ilə yazılarımıza rəng qatan, AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev də bu dəfə bizimlədir. Soruşuram ki, pillələri qalxmaq çətin olmayacaq? Deyir, biz tarixçilər üçün Azıx mağarasını Kəbə kimi yerdir, odur ki, nə qədər çətin olsa da, qalxacaq. Əsas odur, 30 illik işğaldan sonra bu qədim tarixi məkan özümüzə qayıdıb, gerisi təfərrüatdır.

Başımı qaldırıb yuxarı baxıram, hələ yolu yarılamamışıq. “Görəsən, neçə pilləkən qalıb”, - deyə soruşuram. Yorulduğundan bir az aralıda, torpağın üstündə oturub nəfəsini dərən yaşlı kişi deyir: “Buracan hardasa 392 pilləkən edir, saymışam”.

Belə çıxır hələ bu qədər də qalxmalıyıq, daha neyləmək olar.

Bu da Azıx - dünyanın ən qədim insan məskənlərindən biri. Azıx mağarası haqqında ilk dəfə eşidəndə deyəsən ikinci, ya üçüncü sinifdə oxuyurdum. Düzdür, onda müharibə davam edirdi, amma hələ Qarabağı itirməmişdik. Amma nə onda, nə də ermənilər Qarabağı işğal etdikdən sonra heç vaxt ağlıma gəlməzdi ki, nə zamansa Azıx mağarasına gələrəm. İndi isə budur, ən qədim insan məskənlərindən birinin qarşısında dayanmışam və ləngimədən mağaranın içinə keçmək istəyirəm. Ki, görüm ən qədim insanları, əcdadlarımızı “doğub-törəyən” bu sirli mağara öz bətnində nə gizlədir?!

Mağaranın girişi palçıqlı və sürüşkəndir, üstəlik bir tərəfində dərin xəndək var. Büdrəsən xəndəyə yıxılarsan. Palçıqlı yerdən addadınmı, Sirat körpüsü kimi dar cığır səni mağaranın dərinliklərinə aparacaq. Bayram Quliyevlə divardan tuta-tuta, qorxa-qorxa bir təhər dar keçidi o üzə aşırıq. Qeyri-ixtiyari yadıma İndiana Cons haqqında film düşür. Yaxşı ki, bizim öz Spilberqimiz - operatorumuz Faiq bu səhnəni lentə alır, bir anlıq bizi də film qəhrəmanına çevirir.

“Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur, - Bayram müəllim mağaranı müşahidə edə-edə danışır, - Ən qədim zamandan insanlar çay qırağında yaşamağı üstün tutublar, bu səbəbdən də ən qədim sivilizasiyalar məhz çay hövzələrində yaranıb. Azıx mağarası da Quruçayın kənarında yerləşdiyi üçün ən qədim zamanlardan insanların maraq dairəsində olub”.

Azıx mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik elədiyi ekspedisiya tərəfindən kəşf edilib. Aparılmış tədqiqat işləri zamanı on bir mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyətinin izləri qalmaqdadır. Burada 700 min il yaşı olan qədim ocağın izləri də var.

Bir azdan mağaranın tavanına əlimi sürtüb his izlərini Bayram müəllimə göstərəndə o da yarı ciddi, yarı zarafatla deyəcək: “Bəlkə də min illər əvvəl əcdadlarımızın yandırdıqları ocağın hisidir, nə bilmək olar”. Nə yalan deyim, onun bu sözləri içimə şübhə toxumu səpəcək.

Bayram müəllim davam edir: “1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsindən apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus alt çənə aşkar edir. Bu tapıntı 18-22 yaşlı qadına məxsus idi. Həmin arxeoloji tapıntının 350-400 min il yaşı vardı. Qədim dövrdə insanların bir neçə faizi otuz yaşa qədər yaşaya bilirdi, çoxu tez ölürdü. Qeyri-sağlam və bişməmiş ətlərlə qidalanma, vəhşi heyvanların toxundurduğu xətərlər, soyuq iqlim insanların tez ölməyinə səbəb olurdu”.

Əlüstü onu da deyim ki, 2000-ci illərdən başlayaraq ermənilər mağarada qanunsuz arxeoloji qazıntı işləri aparıblar. Bu qazıntı işlərinin izi göz önündədir. Dar keçidin açıldığı meydançanı keçən kimi taxtadan körpü quraşdırılıb, sağdakı dəmir pilləkən isə daha yuxarı “mərtəbəyə” aparır. Buranın yerinə və mağaranın yuxarı sol hissəsindəki dəliyin ətrafına qum kisələri düzülüb. Bayram müəllim mağarada aparılmış bu qanunsuz arxeoloji qazıntılar barədə daha ətraflı, özü də yanğı ilə məlumat verir: “2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu qazıntı aparıb. İşlərə İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan rəhbərlik edirdi. Bu “tədqiqatlar” nəticəsində 300 min il yaşı olan, Avropada ən qədim mağara ayısının sümüyü və digər maddi mədəniyyət nümunələri aşkar edilərək daha sonra Londona aparıldı. Diqqətlə baxanda da burada kobud və səriştəsiz arxeoloji tədqiqatlar aparıldığını görmək olar. Bunlar hamısı, eləcə də divarlarda kirilcə yazılmış erməni adları onların bizə qarşı apardıqları mədəni cinayətdir”.

Mağarada içindəki dəlikdən keçdikdə daha geniş bir kaha ilə qarşılaşırsan. Adamın inanmağı gəlmir ki, yerin altında bu böyüklükdə boşluq ola bilər. Yeri gəlib, deyim ki, mağaranın ümumi sahəsi 800 kvadrat kilometr, uzunluğu isə 600 metrdən çoxdur.

Bizim dayandığımız yer mağaranın birinci dəhlizidir, Azıx mağarasında bu cür daha yeddi dəhliz var. Onlardan bəzilərinin hündürlüyü 20-25 metrə çatır. Mağaranın digər tərəfdən də girişi olduğu üçün hava rahat şəkildə cərəyan edir. Buna görə də içəri soyuq olsa da, o qədər də rütubətli deyil.

Mağaradan çıxırıq. Növbəti dayanacağımız Tuğ kəndidir.

***

Tuğa budəfəki gəlişimizin məqsədi kənddəki Müqəddəs İohann (Müqəddəs Ovanes) kilsəsini ziyarət etməkdir. Ötən yazılarda haqqında ətraflı məlumat verdiyimiz üçün bu dəfə Müqəddəs İohann kilsəsindən bəhs etməyəcəyik. Odur ki, kilsədən aralanıb ətrafdakı evlərə baş çəkirəm.

Yaxınlıqdakı tağ-tavanlı, bir mərtəbəli tikili. Tikilinin damı torpaqla örtüldüyü üçün qar əridikcə tavandan yağış kimi su damcılayır. Bir qədər aralıda isə ikimərtəbəli başqa bir qədim tikili ucalır. Birinci mərtəbə kobud yonulmuş, əsasən Tuğ kəndinin tikililərinə məxsus daşlardan tikilib, ikinci mərtəbə isə aynabənddir. Binanın bəlkə də iki yüzdən çox yaşı var. Ermənilər bu tarixi binada heyvan saxlayıb, birinci mərtəbədən tövlə kimi istifadə ediblər.

Ümumilikdə Tuğun əksər evlərinin, xüsusən dağın yamacı boyu sıralanmış evlərin üz-gözündən tarix yağır. Elə bil açıq hava altında muzeydəsən. Ona görə də Tuğun küçələrini gəzməkdən doymaq olmur. Lakin getməliyik, Hadrut bizi gözləyir.

***

Maşınımız Tuğ kəndindən çıxıb yol ayrıcından sağa dönür. Dağların sinəsi ilə burula-burula qalxan asfalt yol Hadrut qəsəbəsinə aparır. Növbəti dəfə yolu burulandan sonra aralıdan kilsə və Hadrutun evləri görünür. Yanından keçdiyimiz qayanın üstünə isə boya ilə yazılıb: ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ.

Vətən Müharibəsi zamanı uğrunda ən qanlı döyüşlərin getdiyi məntəqələrdən biri Hadrut olub. Düşmən Dağlıq Qarabağın cənub darvazası sayılan bu məntəqənin əldən getməsi ilə barışa bilmirdi. Buna görə də Hadrut uğrunda təkcə meydanda deyil, informasiya məkanında da müharibə aparılırdı. Yəqin ki, o günlərdə rusiyalı blogerin Hadrutun işğaldan azad edilmədiyini “sübut etmək” üçün göstərdiyi canfəşanlıqlar da yaddan çıxmayıb.

Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir. Buradakı binalardan, evlərdən də müharibənin izləri hələ silinməyib. Belə tikililərdən biri də keçmiş rayon icra komitəsinin binasıdır. Bu binada Sovet dövründə Hadrut rayonunun partiya komitəsi yerləşib. Vaxtilə hər gün Allah bilir nə qədər insanın üz tutduğu binanın soyuq dəhlizlərində indi yalnız başsız küləklər dolaşır. Otaqlarda sovet istehsalı olan dəftərxana mebellərinin gözlərində qovluqlar, müxtəlif sənədlər qalaqlanıb. Bu qovluqlardakı sənədlərin xeylisi ermənicə olsa da, aralarında Sovet dövründən qalma rusca sənədlər də az deyil. O sənədlərdə nə qədər azərbaycanlı adına, familiyasına rast gəlmək olar. Maraq üçün birini vərəqləyirəm və yanılmadığıma şahid oluram.

Pəncərələrin qırağına düzülmüş dibçəklərdəki güllər isə baxımsızlıqdan ömürlərini çoxdan başa vurublar. Bəlkə kiməsə sentimental görünə bilər, amma həqiqətən o solmuş güllərə baxanda adamın içini utanc hissi bürüyür. Müharibə təkcə insanları deyil, dibçəkdəki gülləri də bədbəxt edirmiş.

Yuxarı mərtəbələrə qalxmaq istəyəndə məndən qabaq otaqları dolaşmış həmkarlarımdan biri məsləhətindən qalmır: “Maraqlı heç nə yoxdur. Bircə başçının otağı bir az təmirlidir. Qalanlarının görkəmindən cin hürkür”.

Bir vaxtlar rayon partiya komitəsinin binası olmuş binada çəkilişlərimizi bitirib bayraq meydanına düşürük. Bir neçə gün əvvəl Prezident İlham Əliyev burada Azərbaycan bayrağını yüksəltmişdi.

Qəsəbədə yeni tikililərin sayı azdır, çoxu sovet dövründən qalmadır. İşğal illərində elə bir ciddi tikinti-quruculuq işləri aparılmayıb. Əksinə olanlar dağılıb. Məsələn, hər iki tərəfindən dairəvi pilləkən uzanan postamentin üstündə çox güman nə vaxtsa heykəl olub.

Bu tərk edilmişliyə, dağınıqlığa baxanda istər-istəməz Hadrutla bağlı yaddaşımda ilişib qalmış bir tarixi hadisə yadıma düşür. 1930-cu ildə Hadrutda indi dünyanı bürümüş koronavirusa tay bir xəstəlik - vəba epidemiyası yayılır. Yerli hakimiyyət orqanları nə qədər çalışsa da, xəstəliyin qarşısını ala bilmir, əksinə, xəstəlik hər gün daha çox can alır. Qəsəbəyə giriş-çıxış qadağan edilir, epidemiyanın qarşısını almaq üçün Rusiyadan professor Lev Zilber dəvət edilir. Ölənləri basdırmaq təhlükəli olduğu üçün yandırırlar. Həmin günlərdə o qədər insan vəbadan tələf olur, o qədər insanın meyiti yandırılır ki, bir neçə müddət Hadrut küçələrindən, Hadrutun havasından yanmış insan iyi çəkilmir.

Bütün bunları Xalq yazıçısı Elçin “Ölüm hökmü” romanında ətraflı şəkildə nəql edib. Bu təmiz havada Hadrutun atılmış, tərk edilmiş evlərinə, küçələrinə baxa-baxa gözlərimin önünə o dəhşətsaçan vəbalı günləri gətirirəm. Hə, deyəsən dünya özü indi böyük bir Hadrutdur axı...

Hadrutda bir də yadıma Üzeyir Hacbəyov düşür. Bu da yersiz deyil. Dahi bəstəkar Qori Seminariyasını bitirdikdən sonra bir müddət burada dərs demişdi. Bayraq meydanı ilə üzbəüz binadakı musiqi məktəbi də istər-istəməz Üzeyir Hacıbəylini xatırladır. Artıq neçə aydır, istifadə olunmadığı üçün toz basmış pianolar, hara gəldi atılmış not dəftərləri, Baxın, Bethovenin həyatından bəhs edən kitablar, boş kanon futlyarı, musiqi diskləri. Otaqlardan birinin döşəməsində döşəklər hələ də durur. Divarlarında isə rayonlarımızın adı yazılıb. Görünür, döyüşlərin qızğın vaxtında hərbçilərimiz burada gecələyirmiş.

Müharibənin dəhşətlərini anladıqca düşünürsən ki, qədim insanın Azıxda yaşadığı vaxtdan keçən müddətdə bu lənətə gəlmiş savaşlar nə qədər canlar alıb, hansı faciələrə, hansı bədbəxtliklərə səbəb olub. Heyfslənirsən.

...gərək Azıx mağarasından heç çıxmayaydıq.

Foto - İlkin Nəbiyev © APA GROUP

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR