Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub
# 26 noyabr 2020 22:19 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdəki Zod qızıl yatağı ətrafında baş verənlərlə bağlı aydınlıq gətirib və məlumat verilib ki, Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlayıblar.

APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib. Qeyd edilib ki, qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçiləri ermənilərdən oranı tərk etmələrini tələb ediblər. Ancaq sonradan Ermənistan MN bu məlumatı təkzib edib.

Müdafiə Nazirliyi demarkasiya işlərinin bir hissəsinin Zod qızıl mədəninin ərazisində aparıldığını qeyd edib.

“Bu və ya digər hissəsində sərhədlərin tam və dəqiq şəkildə demarkasiyası sərhədin bu və ya digər hissəsinə olan iddialarla bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir”, - deyə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan Müdafiə Nazirliyində keçirdiyi mətbuat konfransında Zod mədəni ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

Demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər. Nazirlik xatırladıb ki, sərhədlər demarkasiya olunmazdan əvvəl Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonuna və əks istiqamətdə hərəkətin dayandırılması üçün müvəqqəti qapılar quraşdırılıb.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Ermənistanın Basarkeçər (Vardenis) rayonu arasındakı yolda qırmızı qapıları olan Ermənistan sərhəd zastavasının fotoları yayılmışdı. Ermənilər Zod qızıl mədənini özününküləşdirmək üçün göstərilən sərhəd zastavasını Azərbaycan ərazisində, yəni həqiqi dövlət sərhədlərindən 1,5 km dərinlikdə yerləşdirmişdilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR