Fərid Şəfiyev: “Paşinyan tarixi faktları məqsədyönlü şəkildə təhrif edib”

Fərid Şəfiyev: “Paşinyan tarixi faktları məqsədyönlü şəkildə təhrif edib”
  • Clock-gray 16:31
  • calendar-gray 16 May 2020

“Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn konfrans zamanı faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Azərbaycanın ünvanına əks ittihamlar irəli sürüb”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bu saxta nitqlə bağlı aşağıdakıları qeyd etmək zəruridir. İkinci Dünya müharibəsi zamanı ermənilər SSRİ-nin digər xalqları ilə birlikdə faşizm əleyhinə mübarizədə iştirak ediblər. Bu, məsələnin digər tərəfidir və Ermənistan Azərbaycanı bu faktı təkzib etməkdə ittiham etməyə çalışır. Bu, qətiyyən düz deyil. Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Ermənistanda faşistlərin ortağı Qaregin Njdenin qəhrəmanlaşdırılması fikirləri ilə çıxış edib. Bu, danılmaz faktdır. Yerevanda onun şərəfinə abidə ucaldılıb. Bu məsələ ilə bağlı problem əslində daha dərindir. Njde erməni xalqının ali irq olması ideyasını irəli sürürdü və bu ideya nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı “tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irq olması və 3 dənizin ortasında “Böyük Ermənistan” ideyalarının bir hissəsidir. Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin (1918-1920) ideoloji rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə istinad edərək onu nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib. Burada Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib. Məhəmməd Əmin Rəsulzadə İkinci Dünya müharibəsi zamanı SSRİ-dəki respublikaların mühacirətdə olan digər dövlət xadimləri kimi həqiqətən də Almaniyaya səfər edib, lakin nəticə etibarı ilə nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, kifayət qədər bilinən faktdır. O ki qaldı nasist Almaniyası tərəfdən döyüşən şəxslərə, Azərbaycanda onlara abidə qoyulmur və qəhrəmanlaşdırılmır. Nikol Paşinyanın səsləndirdiyi fikirlər yanıltma cəhdidir, məqsədyönlü şəkildə səsləndirilən yalan məlumatdır”, - deyə BMTM-nin sədri vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər