Fərid Şəfiyev Paşinyanın münaqişənin həlli ilə bağlı “yeni tezisləri”nə münasibət bildirib

Fərid Şəfiyev Paşinyanın münaqişənin həlli ilə bağlı “yeni tezisləri”nə münasibət bildirib
  • Clock-gray 17:39
  • calendar-gray 23 İyul 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü “yeni tezisləri”nə münasibət bildirib.

BMTM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Şəfiyev deyib ki, N. Paşinyan yenidən beynəlxalq ictimaiyyəti özünün "yeni tezisləri" ilə çaşdırmağa çalışır.

“Onun danışıqların gələcəyi ilə bağlı irəli sürdüyü “tezislər”ə dair bir sıra məsələləri qeyd etmək çox vacibdir. Birinci, sülh yolu ilə danışıqlar 26 ildir aparılır və bu danışıqlar ömürlük sürə bilməz. 2019-cu il və 2020-ci ilin I yarısında təmas xəttində sülh üçün vacib şərait yaradıldı. Lakin biz Ermənistan tərəfdən faktiki olaraq bunun əksini gördük. Bu müddətdə Ermənistan baş naziri Nikol Paşinyan iki dəfə danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlar səsləndirdi.

İlk olaraq o, bunu 2019-cu ilin martında  Minsk danışıqları formatını dəyişməyə cəhd etməklə, ikinci dəfə isə “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə etməyə çalışdı. Bununla bərabər, Paşinyan öz fikirlərinə əks olan bəyanatlar səsləndirir. Belə ki, o, özünün bu tezislərində bildirir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Eyni zamanda da deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə onun fikirləri bir-birinə ziddiyyət təşkil edir”, - deyə o vurğulayıb.

F. Şəfiyev qeyd edib ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz: “Bu, Azərbaycan üçün qəbuledilməzdir. Münaqişə Ermənistanla Azərbaycan arasındadır və bizim torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. ATƏT tərəfindən 1992-ci ilin martında qəbul edilmiş fundamental sənəddə danışıqlarda iştirak edən tərəflər dəqiq şəkildə göstərilir. Həmin sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ nümayəndələri müvafiq irəliləyiş əldə olunarsa, danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin belə bir irəliləyiş yoxdur.  Əgər mart sənədində “Dağlıq Qarabağ nümayəndələri” ifadəsi qeyd edilirsə, həmin ilin sentyabrında Minsk konfransına sədrlik edən İtaliya nümayəndəsi tərəfindən Dağlıq Qarabağ dedikdə hər iki icmanın-erməni və Azərbaycan icmalarının nəzərdə tutulduğuna aydınlıq gətirilir. Orada açıq qeyd edilir ki, erməni icması Azərbaycan icması üzərində heç bir üstünlüyə malik deyil.

Nikol Paşinyanın danışıqların davam etdirilməsinə dair səsləndirdiyi digər tezislərə, xüsusilə Azərbaycanın hərbi silahların alınmasını artırmaq istədiyinə dair fikirlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan öz məqsədini heç zaman gizlətmir. Danışıqların məqsədi sülh yolu ilə həll deyil, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdir. Sülh yolu ilə nizamlama yekun məqsədə çatmaq üçün bir yoldur. Yekun məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.

Qeyd etmək lazımdır ki, Paşinyan tərəfindən irəli sürülən tezislər yeni deyil. Onlar 2019-cu ildə də səsləndirilib və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən rədd edilib. Onlarda yeni heç nə yoxdur. Təbii olaraq bu tezislər növbəti dəfə həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Azərbaycan tərəfindən rədd ediləcək”. 

apa-logo-mini

Digər xəbərlər