Gəncəliyev azərbaycanlı icmasının erməni icması ilə təmaslara hazır olduğunu Kaspşikin diqqətinə çatdırıb

Gəncəliyev azərbaycanlı icmasının erməni icması ilə təmaslara hazır olduğunu Kaspşikin diqqətinə çatdırıb
# 13 fevral 2020 16:13 (UTC +04:00)

Fevralın 13-də ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü olub.

İcmadan APA-ya verilən məlumata görə, görüş zamanı Anjey Kaspşik icma rəhbəri Tural Gəncəliyevi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi Seçki Dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tural Gəncəliyev təşəkkürünü bildirib və çoxsaylı seçicinin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyini vurğulayıb.

İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.

Qeyd olunub ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR