Hikmət Hacıyev: “Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini təqdir edirik”

Hikmət Hacıyev: “Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini təqdir edirik”
  • Clock-gray 14:31
  • calendar-gray 22 Yanvar 2020

“Azərbaycan Prezidentinin də dediyi kimi, təəssüf ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı itirilmiş il oldu. Münaqişənin həlli ilə bağlı hər hansı hərəkət görə bilmirik. Əksinə, Ermənistanın qeyri-produktiv, dağıdıcı siyasətini gördük”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlar prosesinin formatını dəyişdirməyə çalışıb.

“Danışıqlar prosesinin formatını müəyyənləşdirmişik. Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və ATƏT-in Minsk qrupunun həmsədrləri isə vasitəçidirlər. Ermənistanın yüksək səviyyədə təmsilçiləri torpaqların bir qarışının belə geri qaytarılmayacağını deyir və Ermənistanın Baş naziri işğal altında olan Xankəndi şəhərinə gələrək “Dağlıq Qarabağ Ermənistandır” deyir. Bu, ölkə rəhbərliyi səviyyəsində bir suveren dövlətin ərazisinin digəri tərəfindən açıq-aşkar ilhaqıdır və tamamilə qəbuledilməzdir. Bu cür elementlər danışıqlar prosesini sadəcə zədələmir, həm də məhv edir. Həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə göndərilən mesajımız odur ki, “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.   

Avropa İttifaqının (Aİ) Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və sarsılmaz mövqeyini təqdir etdiklərini vurğulayan H. Hacıyev qeyd edib ki, bu, Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq prioritetləri sənədində bir daha təsdiqlənib: “Avropa Parlamentinin bu ilin 15 yanvar tarixində Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”nın bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləyib. Bizim üçün çox vacib olan bu mövqeyi təqdir edirik. Düşünürük ki, Helsinki Yekun Aktından və beynəlxalq hüquqdan irəli gələn əsas fundamental prinsiplər ayrı-seçkilik olmadan “Şərq Tərəfdaşlığı” ölkələrindəki münaqişələr də daxil olmaqla bütün münaqişələrə tətbiq olunmalıdır. Biz Avropa İttifaqının bu siyasətinin digər beynəlxalq təşkilatlarda da davam etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün zəruridir”.

Zümrüd Paşkin

Digər xəbərlər