İlham Əliyev: “Erməni mifini, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq. Onlar bundan sonra rəzalət damğası ilə yaşayacaqlar”

İlham Əliyev: “Erməni mifini, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq. Onlar bundan sonra rəzalət damğası ilə yaşayacaqlar”
  • Clock-gray 14:08
  • calendar-gray 17 Noyabr 2020

“1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimində bildirib.

Dövlət başçısı deyib ki, o illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı: “Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.

Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyllər inkişaf etməyə başlamışdır”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.

Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq”.

apa-logo-mini

Digər xəbərlər