MM-in komitə sədri Məmər məscidi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

MM-in komitə sədri Məmər məscidi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib
# 09 noyabr 2020 14:17 (UTC +04:00)

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva UNESCO, İSESCO və bütün beynəlxalq təşkilatlara Məmər məscidi ilə bağlı müraciət ünvanlayıb.

Komitə sədri APA-ya açıqlamasında bildirib ki, Ermənistanın dövlət səviyyəli vandallığına ən çox uğrayan daşınmaz mədəni irs örnəkləri İslam dini abidələri olan məscidlərimiz, türbələr və digər inanc yerlərimizdir.

Q. Paşayeva qeyd edib ki, işğal illəri ərzində Ermənistanın hərbi-siyasi cinayətləri, dövlət səviyyəli təcavüzkarlıq siyasəti nəticəsində, dünya, respublika və yerli əhəmiyyətli onlarla tarixi-mədəni abidə ya erməniləşdirilib, özgələşdirilib ya da vandalcasına (ermənicəsinə) dağıdılıb:

“Xalqımıza məxsus daşınmaz tarixi - mədəni abidələr ya dağıdılıb, ya mənimsənilib, tarixi, mədəni təyinatına uyğun olmayan forma və məzmunda istifadə olunaraq, tam vandalizm aktlarına uğrayıb. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqda örnəklər yaratmış bir xalq, dövlətə, mədəni irsə qarşı belə münasibətsizlik, eyni güclə bəşəri irsə qarşı ciddi təhdiddir. Azərbaycanın, azərbaycanlıların başına gətirilmiş barbarlıq, vandallıq kimi deyil, məhz bəşəri dəyərlərə qarşı yönəlmiş dağıdıcılıq aktı kimi qəbul edilməli, məhz dünyəvi miqyasda reaksiya ilə qarşılanmalıdır. Ən azı, İslam dininə mənsub ölkələr, xalqlar Allah Evi kimi ifadə olunan məscidlərə donuz, digər ev heyvanları doldurulması, bəslənməsi faktlarına qarşı səssiz qalmamalıdır”.

Deputat bildirib ki, Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Qubadlı rayonunun Məmər kəndində yerləşən, 4713 saylı inventar olaraq memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan XVIII əsrə aid məscid və ona aid tikili heyvanların saxlanıldığı yer (tövlə) kimi istifadə olunub:

“1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. Belə vandalizm aktları, ilk növbədə Azərbaycan mədəni-mənəvi irsinə, dəyərlərinə qarşı yönəlmiş olsa da, ümumilikdə dünya mədəni irsinə vandal münasibətdir və uyğunprofilli beynəlxalq qurum-quruluşlar, bütün tərəqqipərvər bəşəriyyət tərəfindən kəskin şəkildə qınanmalı, öz layiqli qiymətini – o cümlədən hüquqi qiymətini almalıdır. Mən şəxsim və Milli Məclisin Mədəniyyət komitəsi üzvləri adından İSESCO-nu, UNESCO-nu bu və bənzəri hallara rəsmi münasibət bildirməyə çağırıram. Ermənistan dövlətindən tələb edilməlidir ki, belə vandallıqlara yol verdiyinə görə üzr istəsin, konkret məsuliyyət daşıyanların siyahısını hazırlasın, onların istintaqa cəlb edilməsini təmin etsin. Bu, gələcəkdə bənzəri cinayətlərə yol vermək istəyən başqaları üçün bir çəkindirici faktor rolu oynayardı. Birgəyaşayışa, mehriban qonşuluğa, ədalətli sülhə, beynəlxalq hüquq normalarına sayğı duyan bütün sivil insanları, tərəqqipərvər dünya birliyini, dövlətləri, xalqları Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı (danılmaz, faktlarla sübuta yetirilmiş) qeyri-insani əməllərini pisləməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR