Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın müharibə cinayətləri haqda yazılar çap olunub

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın müharibə cinayətləri haqda yazılar çap olunub
# 05 noyabr 2020 11:13 (UTC +04:00)

Meksikanın nüfuzlu “El Economista” və “Pulse News Mexico” qəzetlərində Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın 27 sentyabr tarixindən etibarən törətdiyi müharibə cinayətləri haqda məlumat verilib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfir Məmməd Talıbovun qeyd olunan mətbu orqanlara müsahibələri əsasında dərc olunmuş yazılarda Dağlıq Qarabağın bəzi KİV-də qeyd olunduğunun əksinə olaraq, mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və ətraf yeddi rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğu qeyd olunur və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlının qovularaq məcburi köçkünə çevrildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyi, lakin bu günədək Ermənistanın bu sənədlərə məhəl qoymadığı qeyd edilir. Münaqişənin həlli üzrə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da Ermənistanın davamlı şəkildə qeyri-konstruktiv mövqe göstərməsi səbəbindən heç bir nəticə əldə olunmadığı deyilir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin, xüsusilə də baş nazir Paşinyanın son iki il ərzindəki daha aqressiv yanaşması, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana aid olduğuna dair bəyanatları, habelə işğal edilmiş əraziləri birdəfəlik ilhaq etmək, hətta mümkün olarsa yeni ərazilər zəbt etmək məqsədinin açıq-aydın ifadə olunduğu açıqlamaları nəticəsində danışıqlar prosesinin tamamilə pozulduğu bildirilir.

27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti dəfə hərbi təcavüzə cəhd etdiyi, bu xüsusda yalnız hərbi mövqeləri deyil, mülki Azərbaycan əhalisini də hədəfə aldığı bildirilir və 30 oktyabr tarixinədək Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən dinc yaşayış məntəqələrinə artilleriya və ballistik raket zərbələri endirməsi nəticəsində 91 nəfər mülki azərbaycanlının həlak olduğu, 400 nəfərinsə yaralandığı, habelə 2000-dən çox mülki evin dağıdıldığı məlumat verilir.

Azərbaycan silahlı qüvvələrinin hazırda mülki vətəndaşların təhlükəsizliyini təmin etmək və işğalda olan ərazilərimizi azad etmək məqsədilə əks-hücum əməliyyatları apardığını və bunu birmənalı şəkildə öz suveren ərazilərimiz çərçivəsində etdiyini qeyd olunur.

Ermənistanın münaqişəyə etnik və dini don geydirməsi cəhdlərinin, habelə guya Türkiyənin münaqişəyə müdaxilə edərək Azərbaycana hərbi yardım göstərdiyi ilə bağlı yaydığı xəbərlərin saxta olduğu deyilir.

Regionda davamlı sülh və təhlükəsizliyə başlıca təhdidin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğu, ölkəmizin sülh tərəfdarı olduğu, ancaq bunun üçün işğalçı qüvvələrin Azərbaycan torpaqlarını tərk etməsi gərəkdiyi söylənilir.

Çoxmillətli ölkə olan Azərbaycanın Dağlıq Qarabağda yaşayan ermənilərlə heç bir problemi olmadığı, hazırda paytaxt Bakıda 30 minə qədər erməni yaşadığı və Ermənistan ordusunun işğal olunmuş ərazilərimizi tərk etməsindən sonra hər iki xalqın nümayəndələrinin birgə yaşaya biləcəyi bildirilir.

Yazılarla aşağıdakı linklərdən tanış olmaq olar:

https://www.eleconomista.com.mx/internacionales/Armenia-tiene-que-finalizar-su-politica-de-agresion-embajador-20201102-0100.html

https://pulsenewsmexico.com/2020/11/03/azerbaijani-envoy-armenia-is-twisting-the-facts/

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR