Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsi keçirilib - FOTOSESSİYA

Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsi keçirilib - FOTOSESSİYA
# 28 fevral 2021 10:19 (UTC +04:00)

Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı Səfirliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Tədbirdə xarici səfirləri, hərbi attaşeləri, Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, ekspert cəmiyyətinin nümayəndələri, Rusiyadakı Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq, vaxtın azərbaycanlıların yaralarını sağaltmadığını söyləyib: “Biz hələ rahatlıq tapa bilmirik, görkəmli jurnalist Çingiz Mustafayevin lentə aldığı kadrları, onun ağlayan səsini unuda bilmirik. Bu faciə əbədi olaraq bizimlə qalacaq. Lakin uzun illərdən sonra ilk dəfədir ki, biz bu günü xüsusi bir duyğu ilə, şücaətli ordusu, igid oğulları sayəsində, güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında Qalib xalqı kimi qeyd edirik. Bu gün biz gələcəyə əminliklə baxırıq. Ona görə ki, bütün dünya bizim necə güclü və müasir ordumuzun, əsgər və zabitlərimizin yüksək döyüş ruhuna və prezidentimiz və Ali Baş komandanımızın necə güclü və sarsılmaz iradəyə malik olduğuna əmin oldu. Bu müharibə bizə yalnız düşmənin işğal etdiyi əraziləri qaytarmadı, bizə şərəf və ləyaqət qaytardı və çoxmillətli Azərbaycan xalqını birləşdirdi. Ruslar və ləzgilər, yəhudilər və tatlar, avarlar və udinlər, tsaxurlar və ukraynalılar, tatarlar və gürcülər - Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri Vətənləri üçün, doğulub böyüdükləri torpaq üçün, övladlarının gələcəyi və valideynlərinin rahatlığı üçün döyüşdülər”.

Səfir Xocalı faciəsinin Birinci Qarabağ müharibəsində ən qanlı və miqyaslı səhifəsi olduğunu vurğulayıb: “Lakin Xocalı Birinci Qarabağ müharibəsinin tək qanlı səhifəsi deyil. Xocalıya qədər Əsgəran, Qafan, Gümri, Zəngibasar, Quqark, Qaradağlı, Ağdaban faciələri baş vermişdi. Erməni terrorçuları bu kəndlərin çoxlu sayda dinc sakinlərini, azərbaycanlıları qəddarlıqla qətlə yetirmişdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda azərbaycanlılar üzərindən ən qəddar qırğın baş vermişdi. Bir gecədə 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi”.

P. Bülbüloğlu Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq platformalarda tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rolundan danışıb: “Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına başlanıldı və faciənin ir soyqırım aktı kimi tanınması üçün çoxlu işlər görüldü. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Qvatemala, Sloveniya, Sudan, İndoneziya, Cibuti, Əfqanıstan, Qvatemala, Şotlandiya və ABŞ-ın 24 ştatı daxil olmaqla bir çox ölkələrin qanunverici orqanları Xocalıda dinc əhalinin soyqırımını pisləyən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyanatlarında Xocalı soyqırımı şiddətlə qınanıb”.

Diplomat Xocalı soyqırımının sifarişçilərinin və törədənlərin hələ də azadlıqda olduqlarını və bunun çox təəssüf doğurduğunu vurğulayıb: “Təəssüf ki, bu cinayətlərin sifarişçiləri və icraçıları məlum olmasına və bəzilərinin öz “qəhrəmanlıqlarını” kitablarda, xatirələrdə, qəzet məqalələrində və müsahibələrində də təsvir etmələrinə baxmayaraq, hələ də onların əməlləri qanuni qiymətini almayıb, onlar beynəlxalq məhkəmə qarşısına çıxarılmayıblar. Cinayət məsuliyyətinin əsas prinsipi cəzanın qaçılmazlığıdır. Gələcəkdə belə cinayətlərin təkrarlanmayacağına zəmanət verən məhz bu prinsipdir. Qarabağ müharibələri zamanı torpaqlarımızda törədilmiş dəhşətli cinayətləri bütün dünyanın bilməsi və qınaması üçün səy göstərməliyik”.

Tədbirdə çıxış edən Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Xocalı soyqırımını törədənlərin bu günə kimi cəzasız qalmalarının təəssüf doğurduğunu söyləyib: “Elə cinayətlər var ki, onları bağışlamaq və unutmaq mümkün deyil. Xocalı faciəsi məhz bu cinayətlərdəndir. Xocalıda müharibə zonasını tərk etməyə məcbur olan tamamilə dinc sakinləri, qaçqınları, qocaları, qadınları, uşaqları, bir sözlə günahsız insanlar nümunəsi olmayan qəddarlıqla və məqsədli şəkildə qətlə yetiriblər. Bu əməllərə görə cəza lazımdır. Bu cəza ona görə lazımdır ki, belə vəhşi cinayətlər nə bizim həyatımızda, nə də gələcək nəsillərin həyatında bir daha təkrarlanmasın”.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru Stanislav Çernyavskiy isə Ermənistan-Azərbaycan münaqişəsində ədalətin öz yerini tapdığını söyləyib: “Yandırılmış Xocalının külü bir neçə onilliklər ərzində hər bir azərbaycanlının ürəyində döyünürdü və bir şeyi tələb edirdi: Ədaləti...Nəhayət ki, ədalət yerini tapdı. Hərbi münaqişə baş verdi. İşğal olunmuş ərazilərin azad olunması baş verdi. Bu, Azərbaycan tərəfindən Vətən və azadlıq müharibəsi idi. Rusiya bütün yollarla bu münaqişənin həllinə kömək etməyə səy göstərirdi. Hər dəfə razılığa yaxın olduğumuz vaxt tərəflərdən biri şifahi əldə olunmuş razılaşmadan imtina edirdi və öz mövqelərinə çəkilirdi. Ötən illər ərzində Ermənistan Azərbaycanı öz hərbi fəaliyyəti ilə təxribata çəkirdi. Nəticədə baş verən baş verdi. Xeyrin şər üzərində qələbəsi baş verdi. İşğalçı düşmən cəzasını aldı. Yaşasın Azərbaycan ordusunun mərd oğulları! Onlar öz vətənini işğaldan azad etdilər, onlar ədaləti bərpa etdilər. Əlbəttə ki, yaşasın Azərbaycanın Ali Baş komandanı İlham Əliyev!”

Tədbirdə çıxış edən rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko bildirib ki, Xocalı soyqırımını heç kəs unutmamalıdır: “İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi. Mən bu hadisədən sonra Gəncədə olmuşdum. Skad raketlərinin düşdüyü yerdə olmuşdum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalıda soyqırım törədənlər eyni adamlardı. Gəncə terroru Xocalı soyqırımının davamı idi”.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə təkcə Xocalıda deyil, ümumilikdə Qarabağ və ətraf rayonlarda, o cümlədən Ermənistan ərazisində çoxlu sayda azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar: “Xocalı sadəcə, millətlərarası qırğın deyil. Xocalı rasional əvvəlcədən hazırlanmış hərbi cinayətdir. Bu cinayətin məqsədləri olub. Məqsəd Ermənistan tərəfindən işğalı planlaşdırılan rayon və kəndlərdəki azərbaycanlı əhalidə qorxu hissi yaratmaq olub. Bu gün Xocalı faciəsinin təhqiqatı mütləq lazımdır. Günahkarlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz bu cinayətkarları tanıyırıq. Onlar Ermənistan siyasətində çox yüksək vəzifələr tutublar. Onları cinayət məsuliyyətinə cəlb etmək asan deyil. Lakin bunu etmək mütləq lazımdır. Bəşəriyyətə, insanlığa qarşı bu hərbi cinayəti törədənlər mütləq ciddi cəzalarını almalıdırlar”.

Xocalı soyqırımı qurbanlarının anım gecəsi professor Valeriy Voroninin rəhbərliyi altında Moskvanın Gənclər Kamera Orkestrinin drijorları Murtuza Bülbül və İqor Berendiyevin matəm konsert proqramı ilə başa çatıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR