Nazir: “Bu il Qarabağ münaqişəsinin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”

Nazir: “Bu il Qarabağ münaqişəsinin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”
# 30 dekabr 2019 11:26 (UTC +04:00)

“Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bir qrup media nümayəndəsinə müsahibəsində deyib.

Nazir bildirib ki, görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar.

“Lakin, Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər. Bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar”, - deyə nazir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR