Niderland qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub

Niderland qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub
# 23 oktyabr 2020 11:15 (UTC +04:00)

Niderlandın geniş tirajla çap olunan “Volkskrant” qəzetində 21 oktyabr tarixində Tom Venninkin müəllifliyi ilə “Müharibə azərbaycanlılar üçün dondurulmuş münaqişədən yeganə çıxış yoludur” başlıqlı məqalə dərc edilib.

Bu barədə APA-ya Azərbaycanın Niderland Krallığındakı Səfirliyindən məlumat verilib.

Məqalədə beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu, lakin hazırda Dağlıq Qarabağı sülh yolu ilə qaytarmaq imkanının artıq əldən getdiyi bildirilib.

Məqalədə cari ilin 14 iyul tarixində on minlərlə azərbaycanlının Bakıda Azadlıq meydanına toplanaraq, parlamentə yürüş etdiyi və hökumətdən Ermənistana qarşı müharibəyə başlamağı tələb etdiyi təsvir edilib. Müəllif bu hadisədən bir neçə gün öncə Ermənistan silahlı qüvvələri tərəfindən 12 azərbaycanlı hərbçinin öldürüldüyünü qeyd edib, iki dövlət arasında bu kimi sərhəd atışmalarının son illərdə müntəzəm hal aldığını vurğulayıb.

Məqalədə 1988-1994-cü illərdə Azərbaycanın təkcə Dağlıq Qarabağı deyil, eyni zamanda 7 ətraf regionu da itirdiyi, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyi göstərilib. Müəllif Dağlıq Qarabağın, xüsusən də Şuşanın Azərbaycan üçün simvolik önəmə malik olduğunu və Şuşanın bir sıra azərbaycanlı yazıçı, şair və musiqiçinin doğum yeri olduğunu bildirib.

Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək ümidini 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticəsində itirdiyi qeyd edilib. Azərbaycan Prezidentinin “Əl-Cəzirə” telekanalına müsahibəsinə istinad edilərək, dövlət başçısının “biz 28 il gözlədik və status-kvonu saxlamaq istəyən yeganə dövlət Ermənistandır” sözləri qeyd olunub.

Müəllif Azərbaycan üçün Dağlıq Qarabağın Azərbaycanın sərhədləri xaricində qəbuledilməz olduğunu, daha öncəki müharibədə 20 000 azərbaycanlı şəhidin olduğunu, beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu və eyni zamanda Dağlıq Qarabağın Azərbaycan əraziləri ilə əhatə olunduğunu bildirib. Məqalədə inqilabdan sonra hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” cümləsinin Azərbaycanda ona qarşı etimad yaratmadığı, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı əraziləri geri verməyə hazır olmadığı, bu ərazilərdə tikintilər apardığı, Ermənistan ərazisindən Dağlıq Qarabağa gedən magistralın tikildiyi və buraya ermənilərin köçürüldüyü bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR