Parisdə əsir, girov, itkin düşmüş şəxslər mövzusunda konfrans keçirilib

Parisdə əsir, girov, itkin düşmüş şəxslər mövzusunda konfrans keçirilib
# 28 fevral 2020 11:38 (UTC +04:00)

Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Əsir, İtkin Düşmüş, girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan Assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib. O, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından söz açaraq, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib. Natiq bildirib ki, beynəlxalq hüquq normaları 28 ildir, kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan onlara riayət etmir. O, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımının dünyada tanınması məqsədilə İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kompaniyası aparılmasından danışıb.

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov ermənilərin Qafqaza köçürülməsi tarixindən danışıb. O, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bölgəyə gətirdiyi ağır humanitar problemlərdən söz açıb. Bildirib ki, erməni silahlı qüvvələri, terrorçu-quldur dəstələri azərbaycanlıları qətlə yetirərək, tarixi-etnik torpaqlarından didərgin salıblar.

E. Səmədov deyib ki, əsir və girovlar üzərində tibbi və digər eksperimentlər aparılıb. O, əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsindən, Azərbaycana qarşı terror-təxribat törədilməsindən danışıb.

Natiq bildirib ki, “Azərbaycan 2016-cı ildə əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi barədə beynəlxalq təşkilatların vasitəçiliyi ilə təklif irəli sürsə də, Ermənistan Respublikası humanitar məsələdən siyasi məqsədləri üçün istifadə etməyə uğursuz cəhdlərini davam etdirir.

E. Səmədov söyləyib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb və Azərbaycanın mövqeyini bir daha vurğulayıb. Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların azad edilməsinin vacibliyini bir daha vurğulayıb.

E. Səmədov bildirib ki, beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı sadaladığı faktların tarixi və hüquqi məsuliyyəti Ermənistanın üzərində qalır.

Çıxışlardan sonra Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən fransız dilində “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR