Prezident: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir, bütün dünya bunu görməli və səssiz qalmamalıdır"

Prezident: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir, bütün dünya bunu görməli və səssiz qalmamalıdır"
# 17 noyabr 2020 13:54 (UTC +04:00)

Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Prezident İlham deyib ki, Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb, biz Füzuliyə qayıtmışıq.

Dövlət başçısı qeyd edib ki, yol boyunca dağıdılmış kəndləri və dağılmış vəziyyətdə Füzuli şəhərini görəndə adamın ürəyi ağrıyır: “Nə günə salıb vəhşilər bizim şəhərimizi? Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar. Bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir ki, erməni vəhşiliyi nə deməkdir və biz bütün dünyaya bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri, başqa şəhərlər nə gündədir? Sanki bu torpaqlardan vəhşi bir qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik, gəlmişik və qayıtmışıq. Düşməni torpaqlarımızdan qovmuşuq, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq! Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

Dövlət başçısı nəzərə çatdırıb ki, mənfur düşmən Füzulinin adını da dəyişdirib, eybəcər ad qoymuşdu: “Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir, bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, biganə qalıb. Bu biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər. Sülh yolu ilə məsələ həll olunsun… İldən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik: Münaqişənin hərbi həlli yoxdur, sülh yolu ilə bu məsələ həll olunmalıdır… Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı, canı bahasına biz bunu bütün dünyaya sübut etmişik ki, münaqişənin hərbi həlli var. Biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim ki, Ermənistan rəhbərliyi, Ermənistanın Ali Baş Komandanı, əgər o adama o adı aid etmək mümkündürsə, bəyan etməlisiniz, cədvəl verməlisiniz ki, nə vaxt hansı rayondan çıxırsınız, ondan sonra biz müharibəni dayandırırıq, əks təqdirdə, sona qədər gedəcəyik. Getdik də! Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu ki, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Məhz bizim gücümüz hesabına, biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik”.

Prezident İlham Əliyev qeyd edib ki, 30 il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst qüvvələr, Azərbaycanafob qüvvələr tərəfindən müxtəlif uydurmalar ortaya atılırdı ki, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir: “Məhv etmişik bu uydurmanı! Göstərmişik ki, kim döyüşkən xalqdır, kim müzəffər xalqdır!”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR