Prezident: “Dəymiş ziyanın, təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”

Prezident: “Dəymiş ziyanın, təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”
  • Clock-gray 17:36
  • calendar-gray 26 Fevral 2021

“10 noyabrdan sonra onlar öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə 20 gün ərzində çalışdılar ki, bizim təbiətimizə və əmlakımıza maksimum ziyan vursunlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, evləri yandırırdılar, ağacları yandırırdılar, kəsib-doğrayırdılar, talan edirdilər: “Evlərin pəncərələrini, sanitar qovşaqlarını aparırdılar və bütün dünyanın gözü qarşısında. Yaxşı ki, xarici medianın nümayəndələri də bu vəhşiliyin şahidləri olublar və bütün dünya gördü ki, biz kimlərlə üz-üzəydik və hansı bəlanı məğlub etdik. Mən sözün düzü, belə vəhşilik gözləmirdim. Özü də tamamilə əsassız. Baxın, başqasının torpağını zəbt edəsən, orada o torpağın, o evin sahibini qovasan, güc tətbiq edərkən heç bir vaxt vermədən. Biz onlara 20 gün vaxt verdik, onlar bizə 20 saat da vaxt verməmişdilər. Ondan sonra onun evində yaşayasan, sonra deyəsən ki, bu mənimdir. Sən orada çıxmağa məcbur olanda evi dağıdasan, sökəsən, yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl, real sifətini gördü”.

Prezident qeyd edib ki, biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq: “Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları, video-foto çəkilişləri aparırlar, dron çəkilişləri aparılır. Bütün dəymiş ziyan hesablanacaq, bütün dağılmış evlərin protokollaşdırılması, pasportlaşdırılması işlərinə start verilib ki, vətəndaşlar dəymiş ziyanın ödənilməsi üçün fərdi qaydada ilk növbədə, Azərbaycan, sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər.

İkinci mərhələdə artıq bu sahədə də işlər başlanılıb, müvafiq sənədlər imzalanıb. Bu sahədə buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb. Onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var. Dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”.

Günay Elşadqızı

Digər xəbərlər