Prezidentin köməkçisi: “Azərbaycanın da səbrinin bir həddi var”

Prezidentin köməkçisi: “Azərbaycanın da səbrinin bir həddi var”
  • Clock-gray 10:56
  • calendar-gray 14 May 2020

“Ermənistanın yürütdüyü siyasət hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamaq, müxtəlif bəhanələr vasitəsi ilə danışıqlar prosesinin irəli getməsin imkan verməməkdən ibarətdir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, son dövrlər Ermənistanın yeni növ koronavirus (COVİD-19) mövzusunu siyasi möhtəkirlik obyektinə çevirməsi, bu mövzunun arxasında gizlənərək münaqişənin həllinə imkan verməmək kimi siyasəti yürütməsi, danışıqlar prosesinə zərbə vuran destruktiv və ziddiyyətli açıqlamaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir: “Ancaq COVİD-19 özlüyündə çox münbit bir şərait yaradır ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoysun. Beynəlxalq ictimaiyyətin də çağırışı bundan ibarətdir”. 

Prezidentin köməkçisi vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipləri ilə bağlı Azərbaycanın mövqeyi qəti və birmənalıdır: “Prezident İlham Əliyev tərəfindən bu mövqe müəyyən olunub. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunmalıdır. Danışıqlar qeyri-müəyyən müddətə qədər davam edə bilməz. Azərbaycanın da səbrinin bir həddi var. 25 ildən artıq müddətdə Ermənistanla danışıqlar aparması özü Azərbaycanın güzəştidir. Bu günlərdə Ermənistan tərəfindən də qeyd olunur ki, 1994-cü ildə imzalanan atəşkəs sazişindən uzun müddət keçib. Amma atəşkəs heç bir halda əbədi sülh deyil, sadəcə, sülhün irəli aparılması üçün şərait yaratmalıdır. Ermənistan atəşkəsin davamlı sülhə çevrilməsinə imkan verməyib, atəşkəsdən istifadə edərək işğalçılıq siyasətini gücləndirməyə çalışıb”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını davam etdirir: “Amma onu da qeyd etməliyik ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində də nəzərdə tutulduğu kimi bütün vasitələrdən istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etmək hüququnu hər zaman özündə saxlayır. Bundan irəli gələn nəticələrə görə isə məsuliyyət Ermənistanın üzərinə düşəcək”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər