Səfir: “Türkiyə Minsk Qrupunun üzvü kimi illərdir, sülh danışıqlarına töhfə verməyə çalışır”

Səfir: “Türkiyə Minsk Qrupunun üzvü kimi illərdir, sülh danışıqlarına töhfə verməyə çalışır”
# 15 iyul 2020 18:07 (UTC +04:00)

“Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi illərdir, sülh danışıqlarına töhfə verməyə çalışır”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlər Türkiyə və Rusiya da daxil olmaqla bütün ölkələri narahat edib: “Türkiyə Ermənistanın Azərbaycan torpaqlarına qarşı Tovuz istiqamətində törətdiyi təxribatı qardaşına qarşı atılan addım kimi qiymətləndirdi və reaksiya verdi. Digər ölkələr də öz düşüncələrini müxtəlif açıqlamalar, bəyanatlarla bildirir. Bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun da açıqlaması var. Rusiya tərəfinin açıqlamaları ATƏT-in Minsk Qrupunun həmsədri kimi dəyərləndirilməlidir. Amma Türkiyə də ATƏT-in Minsk Qrupunun üzvüdür və üzv kimi Türkiyə sülh danışıqlarına illərdir töhfə verməyə çalışır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlaması da bu çərçivədə dəyərləndirilməlidir. Türkiyə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi çərçivəsində, Azərbaycanın istədiyi kimi həll edilməsinin tərəfdarıdır. Artıq bu problemə mütləq həll yolu tapılmalıdır. Bu günə qədər Qarabağ “donmuş problem” adlandırılırdı. Amma bunun çox yanlış olması son hadisələrlə bir daha ortaya çıxdı. Hər zaman müharibə, sərhəddə gərginlik riskinin olduğu münaqişə “donmuş problem” adlandırılmamalıdır. Buna görə də 30 ildir davam edən bu problemin həlli istiqamətində addımlar atılmalıdır. Minsk Qrupunun həmsədrləri indiyə qədər bu mövzuda uğurlu ola bilməyiblər. Ümid edirik ki, bundan sonra qəbul edilən qərarlar, atılan addımlar nəticə verər. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi çərçivəsində beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir. 30 ildir davam edən ədalətsizliyin nəticələrindən ən çox zərər görən ölkə Azərbaycan və 1 milyona yaxın qaçqın və məcburi köçkünlərdir. Bu ədalətsizlik bir an öncə ortadan qaldırılmalı, Azərbaycanın haqları bərpa edilməlidir”.

Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir: “Türkiyə sərhədlərində nə vaxt əməliyyat keçirsə, bütün Azərbaycan bizə dəstək olur. Çox sayda azərbaycanlı Türkiyə Ordusunda döyüşmək istəyini bizə bildirir. Eyni şəkildə Azərbaycan sərhədlərində baş verənləri də Türkiyə yaxından izləyir və bütün imkanları ilə dəstək verməyə hazır olduğunu bildirir. Türkiyə Azərbaycanın yanındadır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR