Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir”

Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir”
# 25 fevral 2020 15:43 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, bu soyqırımı hər zaman Gürcüstan azərbaycanlılarının xatirəsində yaşayacaq.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə bağlı ətraflı məlumat verib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı ”Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünyanın bir sıra ölkələrində artıq müsbət nəticə verdiyini qeyd edib.

O, Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsinin zəruri olduğunu deyib.

Səfir qeyd edib ki, iki qardaş dövlət olan Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemləri mövcuddur.

Tədbirdə faciənin əks olunduğu fotoşəkillər, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Xocalıya dair hazırladığı "Bitməyən əzab" sənədli filmi nümayiş etdirilib.

Anım tədbirində Marneuli rayonunun 8 saylı ictimai məktəbinin şagirdləri Xocalı soyqırımı barədə iştirakçılara həm gürcü, həm də Azərbaycan dilində məlumat veriblər.

Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin digər əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirinin baş məsləhətçisi Onur Sevim, Gürcüstan parlamentinin deputatları, ictimai xadimlər, Gürcüstanda yaşayan azərbaycanlı icmasının nümayəndələri, məktəblilər iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR