Slovakiya XİN: Münaqişənin davamlı həllinin yeganə yolu BMT TŞ-nin qətnamələrinə hörmət etməkdir

Slovakiya XİN: Münaqişənin davamlı həllinin yeganə yolu BMT TŞ-nin qətnamələrinə hörmət etməkdir
  • Clock-gray 22:44
  • calendar-gray 03 Aprel 2021

Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin mətbuat katibi ölkənin Milli Şurasının Dağlıq Qarabağ başlıqlı 1 aprel 2021-ci il tarixli qətnaməsi ilə bağlı mətbuatın sualını cavablandırıb.

APA xəbər verir ki, Slovakiya Xarici və Avropa İşləri Nazirliyində sözügedən qətnamə Milli Şura üzvlərinin Dağlıq Qarabağda davam edən əlverişsiz humanitar vəziyyət və hər iki tərəfdən günahsız insanların əziyyət çəkməsi ilə bağlı narahatlığının təzahürü kimi başa düşülür.

“Slovakiya Respublikasının mövqeyi dünyadakı bütün münaqişələri qiymətləndirərkən ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər prinsipi də daxil olmaqla beynəlxalq hüquqa hörmət edilməsinə əsaslanır. Slovakiya Respublikası bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır. Slovakiya Respublikası bütün münaqişələrin müstəsna şəkildə danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmasını dəstəkləyir. Bu həm də Dağlıq Qarabağ münaqişəsinə aiddir.

Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçokun bu yaxınlarda Azərbaycana səfəri zamanı vurğuladığı kimi, münaqişənin davamlı həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə hörmət etməkdir.

Slovakiya Respublikası münaqişənin həllinə və gərginliyin azaldılmasına gətirən bütün səyləri dəstəkləyir. Bütün tərəfləri 9 noyabr 2020-ci il tarixli atəşkəs razılığına ciddi şəkildə riayət etməyə çağırırıq. Bütün qarşıdurmalarda olduğu kimi, xüsusilə də münaqişə səbəbindən ən çox təsirlənən insanların həyatına birbaşa və dərhal təsiri olan, etimad yaradan tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Uzunmüddətli davamlı həll yolu – etnik cəhətdən mürəkkəb olan bu bölgədə bütün etnik qrupların dinc yanaşı yaşaması üçün şərait yaradılmasını nəzərdə tutur. Avropa və dünya təcrübəsi göstərir ki, davamlı səylər və qarşılıqlı xoş niyyət həll olunması qeyri-mümkün görünən və aşılmaz problemlərin həll olunmasını mümkün edəcək.

Beynəlxalq ictimaiyyət ATƏT-in Minsk Qrupu, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər müvafiq beynəlxalq təşkilatların mövcud mexanizmlərindən istifadə edərək bu prosesi hərtərəfli dəstəkləməlidir”, - deyə məqalədə qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər