Səməd Seyidov: “Prezident İlham Əliyevin “reallıqla razılaşacaqlar!” bəyanatı təsdiqini tapır”

Səməd Seyidov: “Prezident İlham Əliyevin “reallıqla razılaşacaqlar!” bəyanatı təsdiqini tapır”
  • Clock-gray 14:53
  • calendar-gray 03 Dekabr 2020

“Erməni lobbisi və Ermənistanın havadarları istəyirlər ki, hər hansı formada itirilmiş mövqelərini, kapitulyasiyaya imza atmış Ermənistanı hər hansı formada dirçəltsin. Ancaq yeni reallıq tamamilə fərqlidir və bu reallığı dəyişdirməyə əsla kiminsə gücü, imkanı çata bilməz”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi ilə bağlı Belçika parlamentində irəli sürülən təşəbbüslərə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, bir müddət əvvəl Fransa parlamentinin yuxarı palatasında – Senatda belə müzakirələr olub, hazırda isə Fransa parlamentinin aşağı palatasında analoji yöndə müzakirələr aparılır: “Hollandiyada da bir müddət əvvəl belə müzakirələr aparılıb. Belçikanın isə bu ölkələrdən bir fərqi var. Birincisi, müzakirələr hələ Belçika parlamentinin xarici işlər komitəsi səviyyəsində gedir. İkincisi, komitəyə təqdim olunmuş ilkin variant sözün əsl mənasında tam yalan, böhtan, Azərbaycanın maraqlarına, ərazi bütövlüyünə zidd olan bir sənəd kimi qiymətləndirilməlidir. Belçikanın özündə də separatizm meylləri güclüdür, bu sənəd də separatçı, Belçikanı parçalamaq istəyənlər tərəfindən təqdim edilmişdi. İlkin variant parlamentin xarici işlər komitəsində qəbul edilmədi. Onlar bu halda sənədin ikinci variantını təklif etdilər. İkinci variant da təxminən birinci variantla eyni mahiyyətdə sənəd idi.  İkinci variant da rədd olundu”. 

Milli Məclisin komitə sədri dekabrın 2-də sənədin üçüncü variantının təklif olunduğunu qeyd edib: “Sənədin üçüncü variantında isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad var. İkincisi, təklif olunan son variantda Azərbaycana qarşı hər hansı sanksiyalar məsələsi yoxdur. Üçüncüsü, sənədin son variantında hansısa müstəqil dövlətdən söhbət getmir.  Bəli, sənədin üçüncü variantında da bizə xoş gəlməyən xeyli ifadələr var. Məsələn, Azərbaycana və Türkiyəyə qarşı qəbuledilməz sözlər var. Ancaq sənədin son variantı Fransa Senatının qəbul etdiyi sənəddən kəskin şəkildə fərqlənir. Faktiki Avropanın fransız dilli ikinci ölkəsi olan Belçika demək olar ki, bu gün Fransanın qəbul etdiyi sənəddən tamamilə fərqli bir sənədi gündəmə gətirdi. Bu da onu göstərir ki, Fransanın mövqeyi nə qədər kəskin olsa da, Avropada gedən tendensiyaları əhatə edə bilmir. Düzdür, Belçika parlamentində sənəd hələ qəbul olunmayıb, layihə parlamentin xarici əlaqələr komitəsində müzakirə olunub və Belçika parlamentində müzakirə olunacaq. Ancaq mən dediyim məsələlər ona dəlalət edir ki, Prezident İlham Əliyevin “reallıqla razılaşacaqlar, hər hansı bir formada razılaşacaqlar!” bəyanatı özünün təsdiqini tapmaqdadır”.

 

apa-logo-mini

Digər xəbərlər