Şneor Seqal, Aleksandr Ata və Allahşükür Paşazadə Dağlıq Qarabağda baş verənləri dini müharibə kimi təqdim edənlərə cavab verib - MƏQALƏ

Şneor Seqal, Aleksandr Ata və Allahşükür Paşazadə Dağlıq Qarabağda baş verənləri dini müharibə kimi təqdim edənlərə cavab verib - MƏQALƏ
# 05 noyabr 2020 19:14 (UTC +04:00)

Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları dini müharibə kimi təqdim edənlərə cavab verib.

APA-nın məlumatına görə, hər üç din xadiminin müəllifliyi ilə ABŞ-ın həftəlik "Newsweek" nəşrində “Qarabağın gələcəyi üçün inancda birləşmək” adlı məqalə dəc olunub.

“Azərbaycanın yəhudi, xristian-pravoslav və müsəlman icmalarının dini liderləri olaraq, beynəlxalq medianın ölkəmizin "xristianların təhlükə altında olduğu" “müqəddəs müharibəyə” qoşulması barədə xəbərlərini eşitdiyimiz zaman artıq danışmağımızın zamanının gəldiyini düşündük", - deyə birgə yayımlanan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan "Müsəlman işğalçısı" rolunu oynamır: “Biz Aşkenazi Yəhudi icmasına, özünəməxsus dağ Yəhudi icmasına, Katolik, Pravoslav və Erməni ənənələrinə sahib xristianlara sahib olan çoxdinli, çoxmillətli bir xalqıq. Hətta İslamın vahid qolu yoxdur, vətəndaşlar arasında həm sünni, həm də şiələr var.

Ermənistan şübhəsiz ki, xristian ölkəsidir. 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına səbəb olan münaqişə zamanı 300 000-dən çox azərbaycanlı - hansı ki, onların əksəriyyəti müsəlmandır - Ermənistandan qaçqın düşüb.

Bu müharibədə beynəlxalq səviyyədə ölkəmizin sərhədləri daxilində tanınan Dağlıq Qarabağ və ətraf ərazilər qonşumuz tərəfindən işğal olunub, 700 000 azərbaycanlı bu torpaqlardan çıxarılıb.

Azərbaycan işğalçı - müsəlman və ya başqa biri rolunu oynamır. Bir vaxtlar erməni və rus pravoslav kilsələrinin məscidlərlə yanaşı olduğu yerdə, bu gün Dağlıq Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerləri dəyişdirilib, zədələnib və ya dağıdılıb. Azərbaycanda isə eyni şəhər və qəsəbələrdə kilsələr, sinaqoqlar və məscidlər dinc fəaliyyət göstərə bilir.

Azərbaycanın bu gün təklif etdiyi həll Dağlıq Qarabağda yaşayanların çıxarılması deyil, bir zamanlar bu torpaqlardan çıxarılanların geri qaytarılmasıdır. Ölkəmiz orada fərqli dinlərə, mədəniyyətlərə və etnik mənsubiyyətə aid şəxslərə, sülh şəraitində yaşamaq istəyənlərə Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan dönüşdür - yalnız indi yenidənqurma və daha çox qətiyyət və öhdəliklə qarşılıqlı anlaşma qurmaq mümkündür.

Baş ravvin Azərbaycanın ikinci şəhəri olan Gəncəni raketlər hədəf aldığı zaman yaşayış məhəllələrində yəhudi ailələrini ziyarət etdi və onlarla birlikdə dua etdi. Baş yepiskop döyüş cəbhəsində şəhid olan bir gənc azərbaycanlı xristian əsgər üçün dəfn mərasimi keçirdi - o silahlı qüvvələrimizdə könüllü kimi xidmət edən xristian icmamızın çoxsaylı üzvlərindən biri idi. Baş müfti yaxınlarını itirən bir çox müsəlman ailəsinə təsəlli verməyə çalışdı. Birlikdə görüşdük və birlikdə dua etdik. İnanclılar olaraq bizim borcumuz, inancından asılı olmayaraq insanlarımızın yanında olmaqdır”.

Məqalədə qeyd olunur ki, keçən həftə erməni Apostol Kilsəsinin dörd Patriarxından biri olan Baş yepiskop Sahaq Qafqazdakı faciəli hadisələrin dinlərarası qarşıdurma olmadığını təsdiqləyib.

“Dini siyasətə alət etmək və eyni şəkildə dinləri bir-birinə qarşı qoymağa cəhd etmək təhlükəlidir.

Siyasəti siyasətçilərin ixtiyarına verməyi üstün tuturuq. Siyasətçilərin özlərini üstün hesab etməsi və ölkələrini dini baxımdan belə tanıtması son dərəcə təhlükəlidir. Onlardan bu hərəkətləri dayandırmağı və buna yenidən baxmağı xahiş edirik. Onlar nə etdiklərini bilmirlər. Xristian, müsəlman, yəhudi və bir çox digər inanclı zəngin və yoxsul ölkələr var. Ancaq unutmamalıyıq ki, xeyir-dualarını axtardığımızda Tanrı qarşısında hamımız bərabərik”, - deyə məqalədə qeyd olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR