Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO
  • Clock-gray 07:42
  • calendar-gray 27 Fevral 2020

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı Daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart” konsert salonunda 2020-ci il fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

APA xəbər verir ki, anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış etmiş Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı qətliamı haqqında iştirakçılara məlumat verərək, onun Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri tərəfindən günahsız sakinlərə qarşı soyqırım aktının törədildiyini bəyan etmiş daimi nümayəndə qeyd edib ki, nəticədə 613 nəfər, o cümlədən qadın, uşaq və ahıllar amansızlıqla qətlə yetirilib. O, həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını xatırladıb.

XX əsrin sonunda bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və bu kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqda məlumat verib. O, təəssüflə qeyd edib ki, bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə, cəzasızlıq və susqunluq yeni insani faciələrin baş verməsinə gətirib çıxaracaq.

Daimi nümayəndənin müraciətinin ardınca Xocalının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükütla yad edilib.

Daha sonra tədbir beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Səbinə Rakçeyeva və istedadlı pianoçu Günel Mirzəyevanın ifasında soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin yer aldığı bədii proqramla davam etdirilib.

Bundan əlavə, tədbirə qatılmış bütün iştirakçılara Xocalı qətliamı və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat təqdim edən broşürlər paylanıb.

apa-logo-mini

Digər xəbərlər