Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO
# 24 fevral 2021 16:18 (UTC +04:00)

Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanının Gürcüstandakı səfiri, həmçinin Qazaxıstan, Ukrayna, Türkmənistanın Gürcüstandakı diplomatik korpuslarının nümayəndələri, Gürcüstanın ictimai xadimləri və azərbaycanlı ziyalılar iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən səfir Faiq Quliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə iştirakçılara məlumat verib. O bildirib ki, Azərbaycanın uğurla həyata keçirdiyi 44 günlük Vətən müharibəsinədək Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb və nəticədə 1 milyon etnik azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Səfir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi sonuncu hərbi təxribatı Azərbaycanın dəmir yumruğu ilə qarşılaşıb və Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa edib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib ki, Xocalı soyqırımının törədilməsindən 29 il keçsə də səbəbkarları hələ də cəzasız qalır. O qeyd edib ki, dünyanın Xocalı soyqırımı barədə məlumatsız olmasının heç bir bəraəti yoxdur. Səfir əlavə edib ki, bütün Qərb ölkələri, dünya Xocalı faciəsi ilə bağlı məlumatlı olmalıdır.

Tədbirin sonunda Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları tərəfindən hazırlanan “Ana fəryadı” teatral səhnəsi nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR