Vüsalə Hüseynli: “Minsk Qrupunun üzvləri Qarabağ münaqişəsindən tramplin kimi istifadə edir”

Vüsalə Hüseynli: “Minsk Qrupunun üzvləri Qarabağ münaqişəsindən tramplin kimi istifadə edir”
# 16 sentyabr 2020 18:09 (UTC +04:00)

“ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini illərdir, izləyirik. Bu günə kimi bu qurum işğalçını öz adı ilə çağırmağa nail ola bilməyib. Digər tərəfdən qurumda təmsil olunan ölkələrin nümayəndələri problemi həll edə bilməsə də, bu qurumun üzərindən tramplin kimi istifadə edərək, vəzifə pillələrinə qalxmaq üçün tramplin kimi istifadə edir”.

Bunu APA-ya İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

QHT sədri qeyd edib ki, bu qurumun fəaliyyəti qeyri-qənaətbəxşdir.

“Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu 20 il əvvəl hazırladığı mənasız söz yığınından ibarət bəyanatı yenidən yaymaqla Ermənistanın təxribatına “siyasi qiymət” verir. Bəzi hallarda bu qurumun yaydığı bəyanat baş verən hadisə ilə uyğun gəlmir. Bu da təşkilatın yaydığı bəyanatdan bixəbərliyinin göstəricisidir”.

V. Hüseynli vurğulayıb ki, bu baxımdan sözügedən qurumun Tovuz hadisələrində tutduğu mövqe heç də təəccübləndirici olmadı: “İyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri də ermənilərin havadarlarına əminliyinin nəticəsidir. Ancaq 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də onlar xəbis niyyətlərinə çata bilmədilər. Azərbaycan Ordusunun güclü təzyiqi ilə qarşılaşan Ermənistan silahlı qüvvələri böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Bəs bu vəziyyətdə ATƏT-in Minsk Qrupunun göstərdiyi mövqe nə oldu?

Tovuz hadisələrində də göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi. Göründüyü kimi, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına o dərəcədə laqeyd yanaşır ki, bəyanatı təxribat törədilən vaxtdan xeyli keçmiş – 14 sentyabrda vermiş oldu. Tovuz hadisələri zamanı ATƏT-in Minsk Qrupu həmişəki kimi susdu. Yəqin ki, budəfəki iğtişaş onların tətil vaxtlarına düşmüşdü, başları öz istirahətlərinə qarışmışdı. Onların işi regiona turistik səfər etmək, yemək-içməkdən, bahalı otellərdə dincəlməkdən ibarətdir”.

V. Hüseynli bildirib ki, Azərbaycan artıq ATƏT-in Minsk Qrupu ilə Əməkdaşlıqdan imtina etməlidir: “ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Söz yox ki, kağız üzərində olsa da, bu təşkilatın qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana hərbi təcavüzündən birbaşa söhbət açmır, hər hansı bir sanksiya tətbiq etmir, münaqişənin ədalətli həlli yolu istiqamətində irəliyə doğru bir addım da atmır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ancaq hər şey bunun əksinə baş verir. Bu qurumun üzvlərinin biri açıq şəkildə Ermənistanı silahlandırır. Digərləri isə işğal siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə göz yumur. Görəsən bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Axı Minsk qrupu da görür ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki biz həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Görəsən, ATƏT-in Minsk qrupu nə vaxta qədər beynəlxalq hüquq normalarına hörmətsizlik edən, işğalçı siyasətdən əl çəkməyən, günahsız insanları qətlə yetirən təcavüzkar dövlətin yanında olacaq?

QHT sədri onu da bildirib ki, son zamanlar Rusiyanın Ermənistana açıq dəstəyi, Fransanın susqunluğu, ABŞ-ın isə özlərinə uyğun situasiyalarda münasibət bildirməsi Qarabağın bu qurum üçün maraqsız olduğunu bir daha sərgiləmiş olur. Bu vəziyyət isə Azərbaycanı ATƏT-lə əməkdaşlığına bir daha nəzər salmağı zəruri edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR