XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib
# 19 oktyabr 2020 12:47 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, L. Abdullayeva deyib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığı müşahidə edilir.

“Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib.

Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.

Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.

Bildiyiniz kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir və bu xüsusda, tərəfimizdən xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək”, - deyə XİN rəsmisi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR