XİN: Paşinyanın İtaliya qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar

XİN: Paşinyanın İtaliya qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar
# 25 noyabr 2019 17:55 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində söylədiklərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, L. Abdullayeva bildirib ki, Ermənistan baş naziri N. Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar.

Onun sözlərinə görə, N. Paşinyan müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır.

“Belə ki, o, UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, Henrix Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini bildirir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən "Arsenal" futbol klubunun oyunçusu Henrix Mxitaryanın, eləcə də bütün azarkeşlərin təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib. Azərbaycan tərəfindən zəmanət verildiyi halda Avropa Liqasının Bakıdakı final oyununda Henrix Mxitaryan şəxsi qərarı əsasında iştirak etmədi. Onu da qeyd etmək istərdik ki, bu günə kimi Azərbaycanda keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar iştirak ediblər. Hətta dövlət başçısı Avropa oyunları vaxtı erməni mənşəli oyunçunu şəxsən özü mükafatlandırmışdı. Ermənistan hökumət başçısı, başqa bir uydurma ilə çıxış edərək, guya ki, paytaxtımızda erməni musiqisinə qulaq asan sürücünün həbs olunmasına dair növbəti yalan “nümunə” ilə söylədiyi əsassız fikirlərə bəraət qazandırmağa çalışır. Nikol Paşinyanın müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə gədikdə isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cari ilin 3 oktyabr tarixində Soçidə keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı münaqişənin həlli kontekstində fikirlərini birmənalı şəkildə səsləndirib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalı olduğunu bildirib. Münaqişənin məhz bu əsaslarda həlli bölgəmizə dayanıqlı sülh, sabitlik və tərəqqi gətirəcəkdir”, - deyə L. Abdullayeva qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR