Xanlar Vəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri ilə görüşüb

Xanlar Vəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri ilə görüşüb
# 18 dekabr 2020 18:02 (UTC +04:00)

Dekabrın 17-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ariane Baueri qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan Xanlar Vəliyev Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulanıb, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi prosesində Komitə tərəfindən zəruri köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Eyni zamanda, Xanlar Vəliyev Azərbaycanın hərbi qulluqçularının döyüş zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri, habelə qəbirləri üzərində təhqiredici hərəkətlər edilməsi faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işlərinin başlanılaraq hazırda istintaqın aparılması barədə məlumat verib.

Hərbi prokuror döyüş əməliyyatlarında həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftar faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən hüquqi təsir tədbirlərinin görülməsinin vacibliyini, açıq və ədalətli araşdırmanın aparılmaqla ictimaiyyətin məlumatlandırmasının xüsusi əhəmiyyətini bildirməklə materialların Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim olunması üçün istənilən beynəlxalq təşkilata təqdim olunmasına hazır olduqlarını vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Ariane Bauer hərbi münaqişə zamanı zərər yetirilmiş mülki əhaliyə Komitə tərəfindən müvafiq yardımların edilməsini və bu istiqamətdə işlərin davam etdiriləcəyini, eləcə də həlak olmuş şəxslərin, onların meyitlərinin və qalıqlarının identifikasiya edilməsində köməklik göstərə biləcəklərini bildirib.

Görüşdə bir sıra digər məsələlər müzakirə edilib, səmərəli fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR