ATƏT Azərbaycan və Ermənistanı dialoqu gücləndirməyə çağırıb

ATƏT Azərbaycan və Ermənistanı dialoqu gücləndirməyə çağırıb
  • Clock-gray 17:51
  • calendar-gray 08 İyul 2019

“Ermənistan və Azərbaycan liderlərini ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən vasitəçilik çərçivəsində dialoqu gücləndirməyə çağırırıq”.

APA-nın xəbərinə görə, bu, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən illik sessiyasının sonunda qəbul edilmiş bəyannamədə əksini tapıb.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində güc istifadəsi və güc istifadəsi təhdidindən çəkinmək, ərazi bütövlüyünə, xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərinə hörmət etməyə, Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq konkret və dəqiq tədbirlər görməklə bağlı da çağırış edilib.

Bəyannamədə siyasi məsələlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit, insan haqları, humanitar məsələlər sahəsində milli hökumətlərə, parlamentlərə və beynəlxalq cəmiyyətə tövsiyələr yer alıb.

Bəyannamədə terrorizmin və ekstremizmin bütün formaları qınanılıb. Eyni zamanda, parlamentlər və hökumətlərə terrorizmə qarşı effektiv tədbirlərin görülməsi barədə çağırış edilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date