Azərbaycan XİN: Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Paşinyanın yalanını ifşa edib

Azərbaycan XİN: Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Paşinyanın yalanını ifşa edib
# 09 sentyabr 2019 17:31 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın 6 avqustda Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etməyinə münasibət bildirib.

XİN-dən APA-ya daxil olan məlumatda bildirilib ki, ilk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik.

“Qeyd olunan məsələ ilə bağlı ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb və cavab notasında BƏƏ XİN-i bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya ki, “tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir”, - məlumatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR