Elmar Məmmədyarov erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına aydınlıq gətirib

Elmar Məmmədyarov erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına aydınlıq gətirib
# 17 oktyabr 2019 10:46 (UTC +04:00)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Azərbaycan XİN başçısı “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etmələrində hər hansı bir əngəl yoxdur.

Nazirin sözlərinə görə, lakin onlar səfər etmədən əvvəl Azərbaycanın Rusiyadakı səfirliyini bu haqda məlumatlandırmalıdırlar.

E. Məmmədyarov qeyd edib ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı emosionallıq nəzərə alınmalıdır.

“Biz həmişə Rusiya tərəfi ilə bu məsələ barədə kifayət qədər açıq danışırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Kristina Qevorkyan “Facebook”da yeni il bayramını keçirmək üçün Bakıya gəldiyini, hava limanında bir neçə saat gözlədildiyini və daha sonra Azərbaycana buraxılmadığını bildirib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR