Ermənistan Müdafiə naziri Dilqəm və Şahbazın dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib

Ermənistan Müdafiə naziri Dilqəm və Şahbazın dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib
  • Clock-gray 12:04
  • calendar-gray 20 Sentyabr 2019

Ermənistanın Müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, D. Tonoyan bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəsi ilə görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə təklifi təqdim olunub”, - deyə o, qeyd edib. 

Nazir prosesin təfərrüatını açıqlaya bilməyəcəyini bildirib. O vurğulayıb ki, məsələ ilə bağlı dəqiqləşdirmələr aparılır.  

D. Tonoyan dəyişdirilmənin mümkünlüyünü istisna etməsə də, bildirib ki, bu məsələ ilə bağlı qərarı qondarma “Dağlıq Qarabağ Respublikası” qəbul etməlidir.  

Qeyd edək ki, dünən Ermənistan Baş Nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib ki, onlar məsələdən xəbərdardırlar və təklif müzakirə olunur. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.   

"Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date